Bakı. Trend:
"Real"ın baş məşqçisi Joze Mourinyo klubda futbolçuların qidalanması və bərpası ilə bağlı yeni sərt intizam qaydalarını tətbiq edib.
Bu barədə ispaniyalı jurnalist Xose Feliks Dias sosial şəbəkədə məlumat verib.
Mənbənin məlumatına görə, Mourinyonun rəhbərliyi altında Madrid klubunda yeni qaydalara görə futbolçuların qida rasionunu müstəqil şəkildə seçməsinə icazə verilmir – menyu artıq təsdiqlənmiş sxem əsasında klubun dietoloqu tərəfindən hazırlanır.
Məşqə hətta bir dəqiqə gecikməyə görə istisnasız qaydada futbolçuya cəza olaraq fərdi şəkildə trenajor zalında məşq etmək tapşırılır.
Bundan əlavə, futbolçuların zədələrdən sonra bərpa prosesi yalnız klubun bazasında, komandanın tibbi heyətinin nəzarəti altında həyata keçirilməlidir. Kənar mütəxəssislərin cəlb edilməsinə icazə verilmir.
Xatırladaq ki, "Kral klubu" 2026-cı il iyunun 11-də Joze Mourinyonun baş məşqçi vəzifəsinə təyin olunduğunu rəsmən açıqlayıb. Portuqaliyalı mütəxəssis daha əvvəl 2010-2013-cü illərdə də kluba rəhbərlik edib. Onun rəhbərliyi altında komanda İspaniya çempionatının, Kral Kubokunun və İspaniya Superkubokunun qalibi olub.
