Bak. Trend:
2025-ci il 8 avqust tarixində Vaşinqtonda Azərbaycan, ABŞ və Ermənistan liderlərinin iştirakı ilə keçirilən görüş və əldə olunan razılaşmalar Cənubi Qafqazda sülh, təhlükəsizlik və regional əməkdaşlıq baxımından yeni mərhələnin əsasını qoyub.
Bu fikirləri Trend-ə açıqlamasında Milli Məclisin deputatı Rəşad Mahmudov deyib.
Deputat bildirib ki, tarix müharibələrdə qələbə qazanan çoxsaylı liderlər tanıyır, lakin Prezident İlham Əliyevin fərqi əldə olunan hərbi qələbəni dayanıqlı sülhün siyasi və hüquqi əsaslarının yaradılmasına yönəltməsidir.
“Prezident İlham Əliyevin ortaya qoyduğu siyasi iradə müasir beynəlxalq münasibətlər sistemində xüsusi əhəmiyyət daşıyır. O, hərbi Zəfərdən sonra sülhün siyasi və hüquqi əsaslarının yaradılmasına yönəlmiş siyasəti ilə Azərbaycanın yeni tarixində xüsusi mərhələ formalaşdırıb”, - deyə R.Mahmudov bildirib.
Onun sözlərinə görə, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan işğalın və tarixi ədalətsizliyin aradan qaldırılmasından sonra sülh gündəliyini də qətiyyətlə irəli sürüb və diplomatik müstəvidə milli maraqlarını ardıcıl şəkildə müdafiə edib.
Deputat qeyd edib ki, 8 avqust 2025-ci ildə ABŞ-də sülh sazişinin mətninin paraflanması bu siyasətin mühüm nəticələrindən biridir.
“Hərb meydanında tarixi Zəfərin memarı, sülh masasında isə yeni tarixin müəllifi olan Ali Baş Komandan, Prezident İlham Əliyev Azərbaycan dövlətçiliyinin gələcək mərhələsi üçün yeni siyasi epoxanın əsasını qoydu”, - deyə R.Mahmudov vurğulayıb.
O bildirib ki, Vaşinqtonda əldə olunan razılaşmalar yalnız Azərbaycan-Ermənistan münasibətləri ilə məhdudlaşmır. Azərbaycan və Ermənistanın ATƏT-in Minsk qrupunun fəaliyyətinə xitam verilməsi məqsədilə birgə müraciət etmək barədə razılığa gəlməsi uzun illər davam etmiş münaqişə institutunun tarixə çevrilməsi baxımından mühüm addımdır.

R.Mahmudovun sözlərinə görə, Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirəcək “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”nun (TRIPP) yaradılması istiqamətində razılaşma da xüsusi əhəmiyyət daşıyır.
“Azərbaycan uzun illər strateji əhəmiyyət daşıyan maneəsiz Naxçıvan bağlantısının təmin olunması istiqamətində mühüm diplomatik uğur əldə edib”, - deputat deyib.
O əlavə edib ki, ABŞ Prezidentinin 907-ci düzəlişin tətbiqinin dayandırılması ilə bağlı qərarı Azərbaycan-ABŞ münasibətlərində yeni mərhələnin başlanğıcıdır. R.Mahmudovun fikrincə, Vaşinqton səfəri iki ölkə arasında qarşılıqlı hörmətə, bərabərhüquqlu tərəfdaşlığa və praqmatik əməkdaşlığa əsaslanan yeni münasibətlər mərhələsinin əsasını qoyub.
“Vaşinqtonda paraflanan sənədlər Cənubi Qafqazın gələcək siyasi xəritəsinin hansı prinsiplər üzərində formalaşacağını göstərdi. Region sülhün, nəqliyyatın və iqtisadi inteqrasiyanın əsas məkanına çevrilmək imkanı qazandı”, - R.Mahmudov vurğulayıb.
Milli Məclisin deputatı Məzahir Əfəndiyev isə Trend-ə açıqlamasında 8 avqust 2025-ci ili Cənubi Qafqazın siyasi tarixində mühüm dönüş nöqtələrindən biri kimi qiymətləndirib. Onun sözlərinə görə, Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev, ABŞ Prezidenti Donald Tramp və Ermənistanın Baş naziri Nikol Paşinyanın iştirakı ilə keçirilən görüş və yekunda imzalanan Birgə Bəyannamə Azərbaycan-Ermənistan münasibətlərinin yeni mərhələyə keçidini rəsmiləşdirib.
M.Əfəndiyev bildirib ki, sülh sazişinin mətninin ilkin paraflanması və regionda kommunikasiya xətlərinin açılması ilə bağlı əldə olunan razılaşmalar gələcək əməkdaşlığın əsasını qoyub.
“Azərbaycan uzun illər ərzində regional və beynəlxalq təhlükəsizliyin təmin olunması istiqamətində üzərinə düşən öhdəlikləri yerinə yetirib. 2020-ci ildə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi məlum qətnamələrin icrasını təmin etməsi, İkinci Qarabağ müharibəsində Zəfər qazanması və 2023-cü ildə suverenliyini tam bərpa etməsi regionda tamamilə yeni siyasi reallıq yaradıb”, - deyə deputat qeyd edib.
Onun sözlərinə görə, Azərbaycan 2020-ci ildən sonra əsas diqqəti sülhün əldə olunmasına və regionda yeni quruculuq mərhələsinin başlanmasına yönəldib. Bu mövqe ikitərəfli və çoxtərəfli görüşlərdə dəfələrlə ifadə olunub.

M.Əfəndiyev qeyd edib ki, Azərbaycan və Ermənistan arasında sülh prosesində ABŞ, Avropa İttifaqı və Rusiya kimi aktorların da müxtəlif mərhələlərdə iştirakı olub və Vaşinqton razılaşması bu prosesin mühüm nəticələrindən birinə çevrilib.
Deputat bildirib ki, Vaşinqton Bəyannaməsinin imzalanmasından bir il sonra əldə edilmiş nəticələr artıq praktiki müstəvidə də müşahidə olunur. Onun sözlərinə görə, iqtisadi-ticari əlaqələrin inkişafı, tranzit imkanlarının genişlənməsi və nəqliyyat-kommunikasiya xətlərinin bərpası davamlı sülhün regionun iqtisadi inkişafına gətirə biləcəyi faydaları nümayiş etdirir.
“Vaşinqton razılaşmalarından sonra iqtisadi əməkdaşlıq, Azərbaycanın neft məhsullarının Ermənistana ixracı, tranzit yükdaşımalar və TRIPP marşrutunun icrası kimi konkret istiqamətlər gündəmə gəlib. Bunlar sülh prosesinin real və praktiki məzmun qazandığını göstərir”, - M.Əfəndiyev bildirib.
O vurğulayıb ki, Azərbaycan bu gün də Cənubi Qafqazda davamlı sülhün təmin olunması, xalqların rifahının yüksəldilməsi və regionda nəqliyyat, enerji, ticarət və investisiya imkanlarının genişləndirilməsi istiqamətində səylərini davam etdirir.
“Azərbaycanın əsas məqsədi yalnız siyasi razılaşmanın əldə olunması deyil, sülhün iqtisadi və humanitar əlaqələrlə möhkəmləndirilməsi, region xalqlarının bundan real fayda əldə etməsidir”, - deyə deputat əlavə edib.
