Portuqaliyada minlərlə insan kilsənin qarşısında Ronaldunun "saxta" toyunu gözləyib

İdman Xəbər 9 Avqust 2026 14:49 (UTC +04:00)
Portuqaliyada minlərlə insan kilsənin qarşısında Ronaldunun "saxta" toyunu gözləyib
Vüsal Cəfərov
Vüsal Cəfərov
Bütün xəbərlər

Bakı. Trend:

Portuqaliyada Kriştianu Ronaldunun Funşalda evlənəcəyi iddia edilən saxta məlumatlar Madeyra kilsəsinin qarşısında minlərlə insanın toplaşmasına səbəb olub. Avropanın müxtəlif ölkələrindən gəlmiş insanlar, media nümayəndələri gələcək bəylə gəlinin fotolarını çəkmək üçün smartfonlarını havaya qaldıraraq sıraya düzülüblər.

Fabio Santos Ramos və Fatima Nikol Kunya Teyşeyra şənbə günü Funşaldakı Madeyra kilsəsinin qarşısına gəldikdə özlərini əsrin toyunun iştirakçıları kimi hiss ediblər. Öz növbəsində, avtomobildən Kriştianu Ronaldu və Corcina Rodrigesin deyil, adi bir cütlüyün düşdüyünü görən izdiham pərişan olub.

Həmin gün ulduz futbolçu ilə sevgilisinin evlənəcəyi barədə yayılan şayiələr kilsənin qarşısında gözləyən insanların böyük kütləsini yanlış yönləndirərək qarışıqlığa səbəb olub.

Son bir neçə gün beynəlxalq media, xüsusilə də Britaniya tabloidləri Funşal şəhərindəki kilsədə yaxın zamanda toy keçiriləcəyi barədə məlumatlar yayıb. “CR7” ləqəbli Kriştianu Ronaldu da məhz bu şəhərdə dünyaya gəlib.

“Savoy Palace” otelində keçirilən tədbir və bayram mərasiminin təşkili üçün otelin iki mərtəbəsinin tamamilə özəl tədbirə ayrılması da şaiyələrə səbəb olub. “The Sun” qəzeti daha əvvəl yazmışdı ki, “müştərilərə cümə və şənbə günləri iki mərtəbənin, eləcə də bir neçə barın istifadəyə bağlı olacağı barədə məlumat verilib”.

Beləliklə, günün ortalarında kilsədə həqiqətən də toy mərasimi keçirilib və beşulduzlu oteldə də özəl tədbir təşkil olunub. Lakin bunların heç birinin məşhur cütlüklə əlaqəsi olmayıb.

“Dernière Heure” saytının məlumatına görə, təxminən 3 min nəfər social şəbəkələrdə yayılan şaiyələrə inanaraq Funşala gəlib.

“Əminliklə deyə bilərəm ki, onların Kriştianu Ronaldu ilə heç bir əlaqəsi yoxdur. Bu gün burada keçirilən yeganə toy budur”, – kilsədəki rekord sayda iştirakçıdan təəccüblənən keşiş bildirib.

Görünür, bu xəbər Kriştianu Ronaldunu da əyləndirib. Futbolçu Instagram hesabında hadisəyə gülməkdən gözləri yaşaran emojilərlə münasibət bildirib.

“Əl-Nəsr” klubunun hücumçusu özünün gözlənilən toyu – bu dəfə həqiqi toy – barədə hələlik heç bir məlumat açıqlamayıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti