Bakı. Trend:
Bir il əvvəl bu gün ABŞ Prezidenti Donald Tramp Azərbaycan və Ermənistanı 35 illik qəddar münaqişəyə son qoyan tarixi bir sülh müqaviləsi imzalamaq üçün bir araya gətirdi.
Bu barədə ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff "X" sosial media hesabında yazıb.
“Prezidentin liderliyi sayəsində Cənubi Qafqaz daha təhlükəsiz, daha firavan və daha sabitdir və bu böyük ölkələrin gələcəyi parlaqdır. Bu tarixi administrasiyanın bir hissəsi olmaqdan şərəf duyuram”, - deyə o qeyd edib.
Xatırladaq ki, 2025-ci il avqustun 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan Azərbaycan Respublikasının Prezidenti və Ermənistan Respublikasının Baş nazirinin Vaşinqtonda görüşünə dair Birgə Bəyannamə imzalayıblar.
Həmin gün Vaşinqtonda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanla görüşü çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsinə dair Saziş” layihəsini paraflayıblar. Onlar Azərbaycan Respublikası və Ermənistan Respublikası xarici işlər nazirlərinin ATƏT-in fəaliyyətdə olan sədrinə birgə müraciətini (ATƏT-in Minsk Prosesinin, ATƏT-in fəaliyyətdə olan sədrinin Minsk konfransının müzakirəsində olan münaqişə üzrə şəxsi nümayəndəsi və Yüksək Səviyyəli Planlaşdırma Qrupunun bağlanması barədə) imzalayıblar.
