Federal apellyasiya məhkəməsi Donald Trampın bal zalının tikintisini dayandırıb

Dünya xəbərləri Materials 8 Avqust 2026 00:32 (UTC +04:00)
Federal apellyasiya məhkəməsi Donald Trampın bal zalının tikintisini dayandırıb
Vüsal Cəfərov
Vüsal Cəfərov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ-də federal apellyasiya məhkəməsi avqustun 7-də Prezident Donald Trampın Ağ Evdə tikdirmək istədiyi böyük bal zalının inşasını dayandırıb. Məhkəmə apreldə çıxarılmış tikintinin dayandırılması barədə qərarı qüvvədə saxlayıb və hökumətə Ali Məhkəməyə müraciət etmək üçün 14 gün vaxt verib.

Kolumbiya dairəsinin Apellyasiya Məhkəməsi bildirib ki, tikintinin dayandırılması layihənin mahiyyəti ilə bağlı deyil. Qərarın səbəbi Tramp administrasiyasının işlərə Konqresin razılığı olmadan başlamasıdır.

Məhkəmənin qərarında qeyd olunub ki, hökumətin "Ağ Evi – xalqın evini – prezidentin şəxsi istəklərinə uyğun şəkildə yenidən layihələndirmək, dəyişdirmək və yenidən tikmək üçün məhdudiyyətsiz səlahiyyəti yoxdur".

Donald Tramp isə özünün Truth Social sosial şəbəkəsində paylaşdığı açıqlamada qərardan dərhal ABŞ Ali Məhkəməsinə şikayət verəcəklərini bildirib.

"Ordu və Məxfi Xidmət bu qərarı siyasi motivli və qanunsuz hesab edir", – deyə Tramp yazıb.

ABŞ prezidenti əlavə edib ki, sözügedən bina həm də Vaşinqtonun, Kolumbiya dairəsinin və bütövlükdə ölkənin təhlükəsizliyi üçün zəruri olan hərbi mərkəz funksiyasını yerinə yetirməlidir.

Məhkəmə çəkişmələri, müxalifətin tənqidləri və Respublikaçılar Partiyasındakı narazılıqlardan sonra Donald Tramp son vaxtlar layihənin sadəcə memarlıq təşəbbüsü və ya şəxsi arzusu olmadığını, milli təhlükəsizlik baxımından vacib olduğunu iddia edir.

Onun sözlərinə görə, binada pilotsuz uçuş aparatları üçün platforma və digər hərbi avadanlıqlar quraşdırılmalıdır.

Bununla belə, tikinti işləri indiyədək davam edib. Bal zalının tikintisi ilə yanaşı, Trampın göstərişi ilə prezident helikopterinin eniş və qalxışı üçün beton meydançanın inşası da aparılır. İyulun sonunda çəkilmiş fotoşəkillər tikintinin irəlilədiyini, ərazidə beton platformanın, aşağı konstruksiyaların və iki qaldırıcı kranın olduğunu göstərir.

Oktyabr ayında Tramp bal zalının tikintisi üçün Ağ Evin qanadlarından birinin buldozerlə sökülməsinə göstəriş verib. Layihəyə əsasən, zal müxtəlif rəsmi qəbul və xarici dövlət xadimlərinin şərəfinə təşkil edilən ziyafətlər üçün nəzərdə tutulub və 1 000 nəfərə qədər qonaq qəbul edə biləcək.

Layihənin ilkin büdcəsi 200 milyon dollar olsa da, sonradan 400 milyon dollara yüksəlib. Maliyyənin yarısının özəl ianələr hesabına təmin ediləcəyi bildirilir.

Donald Tramp bu layihənin ABŞ paytaxtına əvvəlki əzəmətini qaytaracağını bildirir və hesab edir ki, Vaşinqton sələfləri dövründə diqqətdən kənarda qalıb.

Onun tənqidçiləri isə prezidenti şəxsi şöhrətpərəstliyini təmin etmək üçün dövlət vəsaitini israf etməkdə ittiham edirlər. Layihə həmçinin Konqres tərəfindən tarixi binaların qorunması ilə bağlı səlahiyyət verilmiş qeyri-kommersiya təşkilatı National Trust for Historic Preservation tərəfindən də məhkəmədə mübahisələndirilir.

Xəbər lenti

Xəbər lenti