Bakı. Trend:
Yəmən husiləri bazar ertəsi gecə yenidən Bab əl-Məndəb boğazı yaxınlığında, Qırmızı dəniz sahilində yerləşən və Yəmən hökumətinin nəzarətində olan Əl-Moxa liman şəhərinə zərbələr endirdiklərini bildiriblər.
Bu barədə “Əl-Məsirə” telekanalı məlumat yayıb.
“Yenidən başlayan zərbələr Əl-Moxada Səudiyyə Ərəbistanının düşmən qüvvələrinin səfərbərlik mərkəzlərini, silah anbarlarını və əməliyyat qərargahlarını hədəfə alıb”, - deyə məlumatda bildirilir.
Telekanal bir neçə ballistik raketin və pilotsuz uçuş aparatının buraxılmasını əks etdirən görüntülər yayımlayıb.
Öz növbəsində, Yəmən hökumətinə tabe olan silahlı qüvvələr X sosial şəbəkəsində Əl-Moxada hava hücumundan müdafiə sistemlərinin fəaliyyət göstərdiyini bildiriblər.
“Ballistik raketlər və pilotsuz uçuş aparatlarından istifadə etməklə husilərin yeni hücum dalğası Əl-Moxadakı yaşayış məhəllələrini hədəfə alıb. Hava hücumundan müdafiə sistemləri bir sıra pilotsuz uçuş aparatlarını ələ keçirə bilib”, - deyə məlumatda qeyd olunub.