Bakı. Trend:
Avqustun 7-də Fransa futbolunun yeni üçüncü peşəkar divizionunun açılış turu çərçivəsində keçirilən paralel matçlar zamanı ilk dəfə olaraq "Football Video Support" sistemi istifadə olunub. Mübahisəli epizodlarla bağlı məşqçilərə “video çağırış” tələb etmək imkanı verən bu hakimlik sistemi ilk olaraq "Oban" və "Tionvil" komandaları arasındakı matçda tətbiq edilib.
"Tionvil"in baş məşqçisi Jülyen Fransua oyunun 5-ci dəqiqəsində hakimdən mümkün qırmızı vərəqə epizoduna baxmasını istəyib. Bu qərarın doğru olduğu ortaya çıxıb: sonuncu müdafiəçi mövqeyində qayda pozuntusu etdiyi müəyyənləşdirilən "Oban" futbolçusu Bilel Tafni birbaşa qırmızı vərəqə alıb.
Liqa 3-də hər məşqçinin bir matç ərzində iki "çağırış" tələb etmək hüququ var. Məşqçi tələb etdiyi epizodla bağlı qərarın onun xeyrinə dəyişdirilməsi halında "çağırış" hüququnu qoruyur. Jülyen Fransuanın vəziyyətində də məhz belə olub.
Bir neçə dəqiqə sonra sistem Kaen–Valansyen və Bastia–Püi-an-Vele matçlarında da ofsayddan vurulan qol və ikinci sarı vərəqə ilə bağlı epizodların araşdırılması üçün tətbiq edilib.
Klassik VAR sistemindən fərqli olaraq, bu mexanizm hakimin təşəbbüsü ilə deyil, məhz məşqçilərin tələbi ilə istifadə ediləcək. Məşqçilərə yayımdan alınan görüntülər vasitəsilə hakimin qərarına yenidən baxılmasını tələb etmək üçün "çağırış" vermək səlahiyyəti təqdim olunacaq.
Bunun üçün, məşqçi dördüncü hakimə kartı göstərməli və eyni vaxtda barmağını havada dairəvi şəkildə fırlatmalıdır. Dördüncü hakim isə tələbi dərhal baş hakimə çatdıracaq.
Liqa bildirir ki, bu mexanizmdən yalnız “açıq-aşkar səhv və ya gözdən qaçırılmış ciddi insident” zamanı istifadə edilə bilər. Beləliklə, "çağırış" tələb edilə biləcək dörd hal var: qol qeydə alındıqda və ya ləğv edildikdə, penalti təyin edildikdə, birbaşa qırmızı vərəqə verildikdə və ya cəzalandırılan futbolçunun kimliyini səhv müəyyən etdikdə.
Hər məşqçinin bir matç ərzində iki "çağırış" hüququ olacaq. Sistemin özəlliyi ondan ibarətdir ki, tələb əsaslı hesab edilərsə, məşqçi kartı saxlayır və matçın sonrakı mərhələsində ondan yenidən istifadə edə bilər.
Əksinə, hakim ilkin qərarını təsdiqləyərsə, həmin “çağırış” hüququ birdəfəlik itirilir.
