Bakı. Trend:
Ermənistan blokadanın aradan qaldırılmasının faydalarını ilk əldə edən ölkə olub və Azərbaycan ərazisindən keçməklə xarici aləmlə dəmir yolu əlaqəsi əldə edib.
Bunu Ermənistan parlamentinin spikeri Ruben Rubinyan Vaşinqton Bəyannaməsinin imzalanmasının birinci ildönümü ilə bağlı "Facebook" sosial şəbəkə hesabındakı videomüraciətində deyib.
Onun sözlərinə görə, bir il əvvəl Vaşinqtonda Sülh Bəyannaməsi imzalanarkən skeptiklər bunun real sülh gətirəcəyinə inanmırdılar.
"Onlar bunun sərhəddə davamlı atışmalara və itkilərə son qoyacağına inanmırdılar. Onlar bizim blokadadan çıxacağımıza inanmırdılar. Onlar açıq şəkildə deyirdilər ki, bunu etməklə biz qarşı tərəfə irəliləmək üçün yol veririk, əvəzində isə heç nə əldə etmirik və blokada şəraitində qalırıq. Sonrakı bir il ərzində baş verənlər bunun əksini göstərdi”, - deyə spiker bildirib.
Rubinyan vurğulayıb ki, Ermənistan nəinki blokadada qalmayıb, həm də blokadanın aradan qaldırılmasının faydalarını ilk əldə edən ölkə olub və Azərbaycan ərazisindən keçməklə xarici aləmlə dəmir yolu əlaqəsi əldə edib.
O, eyni prosesin Türkiyə istiqamətində də baş verdiyini, Türkiyənin yaxın vaxtlarda Ermənistanın öz dəmir yolu şəbəkəsindən istifadəsinə qoyulan məhdudiyyətləri aradan qaldırdığını qeyd edib.
“Bu, real sülhdür və biz buna sevinməliyik. Biz sülhə layiqik”, - deyə Rubinyan bildirib.
Xatırladaq ki, 2025-ci il avqustun 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan Azərbaycan Respublikasının Prezidenti və Ermənistan Respublikasının Baş nazirinin Vaşinqtonda görüşünə dair Birgə Bəyannamə imzalayıblar.
Həmin gün Vaşinqtonda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanla görüşü çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsinə dair Saziş” layihəsini paraflayıblar. Ermənistan” və Azərbaycan Respublikası və Ermənistan Respublikası xarici işlər nazirlərinin ATƏT-in fəaliyyətdə olan sədrinə (ATƏT-in Minsk prosesinin bağlanması, Minsk Konfransı tərəfindən müzakirə edilən münaqişə üzrə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi və Yüksək Səviyyəli Planlaşdırma Qrupuna) birgə müraciəti imzalayıblar. Onlar Azərbaycan Respublikası və Ermənistan Respublikası xarici işlər nazirlərinin ATƏT-in fəaliyyətdə olan sədrinə birgə müraciətini (ATƏT-in Minsk Prosesinin, ATƏT-in fəaliyyətdə olan sədrinin Minsk konfransının müzakirəsində olan münaqişə üzrə şəxsi nümayəndəsi və Yüksək Səviyyəli Planlaşdırma Qrupunun bağlanması barədə) imzalayıblar.
