Bakı. Trend:
İspaniya İtaliyadan gələn sərnişinlər üçün liman və hava limanlarında müvəqqəti sərhəd nəzarəti tətbiq edəcək. Bu qərar Romanın tətbiq etdiyi analoji tədbirlərə cavab olaraq qəbul edilib.
Bu barədə avqustun 7-də İspaniyanın Daxili İşlər Nazirliyi məlumat yayıb.
Nazirliyin açıqlamasına görə, İtaliyanın üzləşdiyi "qeyri-qanuni miqrasiya təzyiqinin davam etməsi" səbəbindən tətbiq olunacaq nəzarət avqustun 9-u saat 00:00-dan başlayacaq və sentyabrın 7-dək davam edəcək.
Avropa İttifaqı və NATO-nun iki müttəfiqi arasında bu fikir ayrılığı ötən həftə Mərakeşdən İspaniyanın Seuta ərazisinə 72 min miqrantın keçməsindən sonra yaranıb. Hadisə Aİ-nin qeyri-qanuni miqrasiya və ittifaqın xarici sərhədlərinin qorunması məsələsində sərt mövqedə olan bir sıra ölkələrin, o cümlədən İtaliyanın ifrat sağçı Baş naziri Corca Meloninin kəskin tənqidinə səbəb olub.
İtaliya hökuməti cümə günü bildirib ki, "ən azı avqustun 15-dək İspaniyadan gələn üçüncü ölkə vətəndaşlarına Şengen sazişinin tətbiqinin dayandırılması barədə qərardan geri çəkilmək niyyətində deyil".
İtaliya tərəfi bildirib ki, "ölkənin təhlükəsizliyi və terrorizm baxımından heç bir risk olmadığına əmin olduqdan sonra" artıq qəbul edilmiş qərara yenidən baxmaq mümkün olacaq. Bununla yanaşı, İtaliya hökuməti İspaniyanı "dost ölkə" adlandırıb.
