Bakı.Trend:
Azərbaycan və Ermənistan arasında münasibətlərdə dönüş nöqtəsi olan tarixi Vaşinqton sammitindən bir il sonra Bakı və İrəvan daha bir simvolik əhəmiyyətli addım atıblar — iki ölkənin liderləri telefon danışığı aparıblar. Məhz sammitin ildönümündə bu telefon danışığının baş tutması protokol çərçivəsindən kənara çıxan əhəmiyyət daşıyır: tərəflər əldə olunmuş sülhü siyasi razılaşmadan dayanıqlı qonşuluq, iqtisadi və nəqliyyat əlaqələri sisteminə keçirməyin yolları barədə faktiki olaraq ortaq anlayış müəyyənləşdiriblər.
2025-ci il avqustun 8-də ABŞ Prezidenti Donald Trampın dəstəyi ilə Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilən görüş iki ölkə arasında münasibətlərdə yeni mərhələnin başlanğıcını qoydu. Bir il sonra isə telefon danışığının gündəliyi özü regiondakı reallığın nə dərəcədə dəyişdiyini göstərir.
Tərəflər Vaşinqton sammitinin və sülh sazişi mətninin paraflanmasının birinci ildönümünü müzakirə edib, həmçinin yeni reallığın praktiki üstünlüklərini — ticarət-iqtisadi əlaqələrin inkişafını, Azərbaycan neft məhsullarının Ermənistana ixracını, yüklərin Azərbaycan ərazisindən tranzitini və TRIPP marşrutunun həyata keçirilməsini vurğulayıblar.
Bu, sülh diplomatiyasından sülh iqtisadiyyatına mühüm keçiddir. Əgər razılaşmalar münaqişənin dayandırılması üçün siyasi zəmin yaradırsa, ticarət, tranzit, infrastruktur və qarşılıqlı bağlılıq bu zəmini gündəlik reallığa çevirir, əməkdaşlığı daha sərfəli, qarşıdurmaya qayıdışı isə getdikcə daha az rasional edir.
Məhz bu kontekstdə liderlərin Vaşinqton görüşündən bir il sonra telefon danışığını bir növ siyasi "saatların sinxronlaşdırılması" kimi nəzərdən keçirmək olar. Söhbət artıq sülhün zəruriliyi faktının özünün razılaşdırılmasından deyil, onun möhkəmləndirilməsi və praktiki məzmunla zənginləşdirilməsi istiqamətində atılacaq növbəti addımların sinxronlaşdırılmasından gedir.
Pilyar Milli Universitetinin (FCAyDR, Paraqvay) fəxri elmi işçisi və ABŞ-nin Viskonsin ştatında "Azerbaijan-USA Economic and Education Council"un direktoru Piter Marko Teys Trend-ə verdiyi müsahibədə bildirib ki, liderlərin telefon danışığı iki ölkə arasında mehriban qonşuluq münasibətləri qurmaq istəyinin həqiqi təzahürüdür.
Ötən il Ağ Evdə keçirilmiş görüşün əhəmiyyətindən danışan ekspert qeyd edib ki, Vaşinqton Bəyannaməsi Ermənistan və Azərbaycan arasında sülhə və rifaha gedən yolda böyük addım olub.
"Bu baxımdan Prezident Trampın rolu da mühüm əhəmiyyət daşıyır. 2025-ci il avqustun 8-i Cənubi Qafqazın gələcəyini əbədi olaraq dəyişdi. Bu gün gündəliyin mərkəzində artıq münaqişənin özü ilə bağlı məsələlərin deyil, sülhdən necə istifadə edilməsinin dayanması çox əlamətdardır. Bu, prinsipial dəyişiklikdir. Sülh danışıqlar prosesinin son nöqtəsi deyil, nəqliyyat marşrutlarının, ticarətin, enerji əlaqələrinin və yeni iqtisadi imkanların inkişafı üçün platformaya çevrilir. Bu mənada Vaşinqton sammitinin ildönümü və liderlərin telefon danışığı daha geniş siyasi məna daşıyır. Bir il əvvəl əsas məsələ onilliklər davam edən münaqişədən sonra tarixi dönüşə nail olmaq idi. Bu gün isə məsələ Bakı və İrəvanın öz fəaliyyətlərini nə dərəcədə ardıcıl şəkildə sinxronlaşdıra və bu dönüşü dayanıqlı regional arxitekturaya çevirə biləcəyindən ibarətdir", - deyə o bildirib.
Bununla yanaşı, ekspertin sözlərinə görə, hazırda region birbaşa iqtisadi nəticələr doğuran son dərəcə intensiv və gözlənilməz geosiyasi proseslərin təsiri altındadır. Onun qiymətləndirməsinə görə, bu fonda Azərbaycan və Ermənistan arasında sülh sazişi yeni etimad və mehriban qonşuluq münasibətləri üçün əsas formalaşdırır.
Teys TRIPP-i ikitərəfli əməkdaşlığın ən mühüm elementlərindən biri kimi ayrıca vurğulayıb. Onun sözlərinə görə, ABŞ-nin vasitəçiliyi Bakı və İrəvanın etimadı möhkəmləndirmək və uzunmüddətli sülh barədə razılaşmaları ardıcıl şəkildə həyata keçirmək imkanı əldə etdiyi yeni siyasi mühit yaradıb.
Ekspert həmçinin ticarət, kənd təsərrüfatı və birgə iqtisadi layihələrin həyata keçirilməsi sahələrində gələcək əməkdaşlıq potensialını qeyd edib. Onun qiymətləndirməsinə görə, məhz bu istiqamətlər iki ölkənin tədricən münaqişənin formalaşdırdığı münasibətlərdən qarşılıqlı faydaya əsaslanan münasibətlərə keçməsinə imkan verir.
"Energetika, logistika və quru nəqliyyat dəhlizləri, metallurgiya və kənd təsərrüfatı regional əməkdaşlığın əsas istiqamətlərindən biridir və Vaşinqton Bakı və İrəvanla qarşılıqlı fəaliyyətdə bu sahələrin inkişafına böyük diqqət yetirir", - deyə Teys əlavə edib.
Beləliklə, əgər Vaşinqton tərəflərin yeni siyasi kursu müəyyənləşdirdiyi məqam idisə, liderlərin hazırkı təması növbəti mərhələni — hərəkətin tempi və istiqamətinin razılaşdırılmasını nümayiş etdirir. İndiki halda söhbət sadəcə mövqelərin mübadiləsindən deyil, sülh prosesinin sinxron şəkildə inkişaf etdiyi və tədricən praktiki məzmun qazandığı gələcək kursun razılaşdırılmasından gedir.
Məhz buna görə də hazırkı telefon danışığının əhəmiyyəti onun birbaşa gündəliyinin hüdudlarından kənara çıxır. Vaşinqtondan bir il sonra Bakı və İrəvan artıq başqa koordinatlar sistemində yer alır— onlar münaqişənin idarə olunmasından sülh prosesinin idarə edilməsinə keçirlər. Bu prosesin dayanıqlılığı isə yalnız siyasi bəyanatlarla deyil, sülhün iki ölkənin ticarətinə, nəqliyyatına, iqtisadiyyatına və gündəlik münasibətlərinə nə dərəcədə dərindən nüfuz edəcəyi ilə müəyyən olunacaq.
