Bakı. Trend:
Suriya hökuməti ölkədəki iki Rusiya bazasının gələcəyi ilə bağlı razılıq əldə edildiyini və müvafiq memorandum imzalandığını açıqlayıb. Moskva bu bazalardan vətəndaş müharibəsi zamanı prezident Bəşər Əsədə dəstək vermək üçün istifadə edib.
Suriyanın Xarici İşlər Nazirliyinin İctimaiyyətlə Əlaqələr İdarəsinin yaydığı məlumata görə, Aralıq dənizi sahilində yerləşən Tartus limanındakı və Xmeymim aviabazasındakı hərbi obyektlər "hərbçilərin birgə hazırlığı mərkəzlərinə" çevriləcək.
Bir il yarım davam edən danışıqların nəticəsi olaraq Tartus limanındakı kommersiya sahələri, iki bazanın ərazisindəki mülki obyektlər Dəməşq hakimiyyətinə təhvil veriləcək. Bu barədə Suriyanın Baş Limanlar və Gömrük İdarəsi məlumat yayıb. Xarici işlər naziri Əsəd əş-Şeybani bazar günü anlaşma memorandumuna daxil edilən obyekt və infrastruktura baxış keçirib.
Tartus liman şəhərində Rusiya Hərbi-Dəniz Qüvvələrinin maddi-texniki təminat məntəqəsi və Lazkiyə əyalətinin Cəbələ şəhəri yaxınlığında yerləşən Xmeymim aviabazası Rusiyanın keçmiş SSRİ ərazisindən kənarda yerləşən yeganə rəsmi hərbi dayaq məntəqələri idi. Moskva 2015-ci ildə Bəşər Əsədə dəstək məqsədilə Suriyadakı vətəndaş müharibəsinə müdaxiləsi zamanı bu bazalardan geniş şəkildə istifadə edib və üsyançıların nəzarətində olan ərazilərə zərbələr endirib.
Əsədin hakimiyyətdən devrilməsindən sonra Rusiyaya sığınan və Dəməşqin ekstradisiyasını tələb etdiyi Bəşər Əsəddən sonra Rusiya Prezidenti Vladimir Putin Suriyanın hazırkı prezidenti Əhməd əş-Şaraanı iki dəfə Moskvada qəbul edib.
Bu ilin əvvəlində isə Kreml Suriyanın şimal-şərqindəki kürdlərin muxtar bölgəsində yerləşən Qamışlı hava limanından qüvvələrini çıxarıb.
