Bakı. Trend:
ABŞ Kolumbiyanın yeni prezidenti Abelardo de la Espriellanın administrasiyasına dəstək məqsədilə $1 milyard ayıracaq. Bu barədə cümə günü ABŞ Dövlət Departamentinin mətbuat xidməti tərəfindən yayılan bəyanatda bildirilib.
Sənəddən məlum olduğu kimi, ABŞ prezidenti Donald Trampın administrasiyası Konqreslə əməkdaşlıq çərçivəsində Kolumbiyanın yeni prezidentinə dəstək məqsədilə təhlükəsizlik sahəsində yardım paketinin tərkibində $1 milyard ayrılacağını elan etmək niyyətindədir. Bəyanatda bildirilir ki, vəsaitlər ABŞ ilə birgə Qərb yarımkürəsində mütəşəkkil cinayətkarlığa və narkotik qaçaqmalçılarına qarşı mübarizəyə yönəldiləcək. Bundan əlavə, vəsaitlərin bir hissəsinin iqtisadi layihələrin, ticarətin və kritik əhəmiyyətli faydalı qazıntıların hasilatının inkişafına sərf edilməsi planlaşdırılır.
Daha əvvəl de la Espriella dövlət başçısı kimi andiçmə mərasimindən sonra ilk çıxışında ölkəsinin ABŞ tərəfindən yaradılmış “Amerika Qalxanı” alyansına qoşulacağını bildirmişdi.
Martın 7-də Mayamidə “Amerika Qalxanı” sammiti çərçivəsində ABŞ prezidenti Latın Amerikasının bir sıra ölkələrinin liderlərini qəbul edib. Görüşdə Argentina, Boliviya, Honduras, Kosta-Rika, Panama, Paraqvay, Salvador və Ekvador prezidentləri, həmçinin Çilinin seçilmiş prezidenti iştirak ediblər. De la Espriellanın sələfi Qustavo Petro görüşə dəvət olunmayıb.
Sammit zamanı ABŞ prezidenti narkokartellərə qarşı beynəlxalq hərbi koalisiyanın yaradıldığını elan edib.
