UNEC tələbəsi Böyük Britaniyada keçirilən “International World Innovative Student Exhibition 2026” finalında dünya çempionu olub (FOTO)

Cəmiyyət Materials 10 Avqust 2026 14:40 (UTC +04:00)
UNEC tələbəsi Böyük Britaniyada keçirilən “International World Innovative Student Exhibition 2026” finalında dünya çempionu olub (FOTO)

Bakı. Trend:

UNEC-in Rəqəmsal İqtisadiyyat fakültəsinin Kompüter elmləri ixtisasının IV kurs tələbəsi Aşurbəy Məmmədzadə Böyük Britaniyada keçirilən International World Innovative Student Exhibition – iWISE 2026 Dünya “Maze Solving Robot” kateqoriyası üzrə I yerə layiq görülüb və dünya çempionu olub.

2–7 avqust 2026-cı il tarixlərində Böyük Britaniyanın University of Surrey universitetində keçirilən dünya finalında 25 ölkədən iştirakçılar elm, texnologiya, innovasiya və robototexnika sahələri üzrə öz layihələrini təqdim ediblər.

Aşurbəy Məmmədzadə iWISE 2026-nın ilkin seçim mərhələlərindən biri olan Virtual Finalda “Gold Medal” qazanaraq dünya finalında iştirak etmək hüququ əldə edib. Daha sonra JoshuaTech komandası ilə Böyük Britaniyada keçirilən final mərhələsində “Robotics – Maze Solving Robot” kateqoriyası üzrə mübarizə aparıb.

Dünyanın müxtəlif ölkələrindən 18 komandanın iştirak etdiyi kateqoriyada JoshuaTech komandası bütün rəqiblərini qabaqlayaraq I yerə layiq görülüb və bu nəticə ilə iWISE 2026 Dünya Finalının çempionu olub.

“Maze Solving Robot” kateqoriyasında iştirakçılar labirint daxilində avtonom hərəkət edə bilən, sensorlardan əldə olunan məlumatları real vaxt rejimində emal edən və optimal hərəkət marşrutunu müəyyənləşdirən robot sistemlərinin hazırlanması və proqramlaşdırılması üzrə yarışırlar.

iWISE elm, texnologiya və innovasiya sahəsində fəaliyyət göstərən beynəlxalq MILSET şəbəkəsi ilə əməkdaşlıq edir və CATS Global Schools tərəfindən akkreditasiya və sertifikasiyaya malikdir. 2026-cı il Dünya Finalı Böyük Britaniyanın University of Surrey universitetində təşkil olunub.

25 ölkədən iştirakçıların bir araya gəldiyi iWISE 2026 Dünya Finalında Maze Solving Robot kateqoriyası üzrə əldə olunan dünya çempionluğu Aşurbəy Məmmədzadənin robototexnika və innovativ texnologiyalar sahəsində beynəlxalq səviyyədə qazandığı növbəti mühüm nailiyyətlərdən biridir.

Xəbər lenti

Xəbər lenti