Şahdəniz Kompressiya layihəsi üçün avtomatlaşdırma üzrə müqavilə imzalanıb

İqtisadiyyat Materials 10 Avqust 2026 15:44 (UTC +04:00)
Şahdəniz Kompressiya layihəsi üçün avtomatlaşdırma üzrə müqavilə imzalanıb

Bakı. Trend:

Şahdəniz konsorsiumu Şahdəniz Kompressiya (ŞDK) layihəsi çərçivəsində avtomatlaşdırılmış əməliyyatlar üçün lazım olan sistemlərin təminatı üzrə iri müqavilə imzalanıb.

Bu barədə bp şirkətindən məlumat verilib.

Bildirilib ki, müqavilə Emerson şirkətinə verilib.

"Yeni müqavilə ŞDK platformasının məsafədən idarə olunması üçün inteqrasiya olunmuş idarəetmə və təhlükəsizlik sistemlərinin, o cümlədən texnoloji proseslərə nəzarət, təhlükəsizlik məqsədilə dayandırma, yanğın və qazın aşkarlanması və enerji idarəetmə sistemlərinin təminatını əhatə edir.

Birlikdə bu sistemlər platformadakı vacib əməliyyatların real vaxt rejimində izlənməsinə və məsafədən idarə olunmasına imkan verəcək ki, bu da əməliyyat xərclərinin azaldılması və uzun müddətli iş icrasının təmin olunması ilə bərabər təhlükəsizliyin, etibarlılığın və əməliyyat səmərəliliyinin artırılmasına kömək edəcək", - deyə məlumatda qeyd olunub.

bp-nin layihələr üzrə baş meneceri İlqar Məmmədov bildirib ki, bu müqavilənin imzalanması ŞDK layihəsinin həyata keçirilməsini dəstəkləyən mühüm bir addımdır:

"Avtomatlaşdırma və idarəetmə sistemləri heyətsiz qurğu kimi nəzərdə tutulan ŞDK platformasının vacib komponentlərindən biri olacaq və platformanın bütün istismar müddəti ərzində onun təhlükəsiz və səmərəli fəaliyyətini dəstəkləyəcək. Bu mühüm müqavilənin verilməsi layihə üzrə işlərin sürətlə irəlilədiyi bir vaxta düşür. Belə ki, bu işlərin ümumilikdə təxminən 30%-i artıq tamamlanıb və hazırda təqribən 2700 nəfər layihəyə cəlb olunub. Layihə çərçivəsində müxtəlif istiqamətlər üzrə mühəndislik və istehsal işləri plana uyğun irəliləyir və bu işlərdə Azərbaycanın yerli resurslarından, təcrübə və sənaye imkanlarından geniş şəkildə istifadə edilir".

Qeyd olunub ki, ŞDK layihəsi Şahdəniz yatağından qazvermənin maksimuma çatdırılmasında mühüm rol oynacaq və əlavə qaz ehtiyatlarını əlçatan etməklə hasilatın uzunmüddətli davamlılığını təmin edilməsinə töhfə verəcək.

Xəbər lenti

Xəbər lenti