Bakı. Trend:
Avqustun 10-da Türkiyədə qırx ilə yaxın davam edən silahlı münaqişəyə son qoymaq məqsədilə silahı yerə qoyan PKK döyüşçülərinin mülki həyata qayıtmasını tənzimləyən qanun layihəsi qəbul edilib.
12 maddədən ibarət olan qanun layihəsi Türkiyə Böyük Millət Məclisində 468 lehinə, 88 əleyhinə səs və 6 bitərəf olmaqla böyük səs çoxluğu ilə qəbul edilib. Sənəd ümumi amnistiyanı nəzərdə tutmur.
1984-cü ildən bəri azı 50 min insanın həyatına son qoyan münaqişədən təsirlənmiş Türkiyə ictimaiyyətinin narahatlığını nəzərə alan hökumət son həftələrdə hazırlanan mətndə ümumi amnistiya haqqında qanunun olmadığını xüsusilə vurğulayıb. "Terrorsuz Türkiyə" təşəbbüsünü həm müxalifət, həm də hakim partiyalar dəstəkləyib.
Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərlik etdiyi Ədalət və İnkişaf Partiyası və DEM Partiyası tərəfindən dəstəklənən qanun müəyyən cinayətlər törətmiş şəxslərin barəsində cinayət təqibinin və cəzaların icrasının 5 ildən 10 ilədək müddətə dayandırılmasını nəzərdə tutur.
Türkiyə parlamentinin deputatlarının məlumatına görə, ölkə həbsxanalarında saxlanılan təxminən 10 min nəfərdən 3500-ə yaxın keçmiş silahlı qruplaşma üzvü ilk mərhələdə azadlığa buraxıla bilər. Bu 5-10 illik sınaq müddətində təkrar cinayət törədilmədiyi halda, istintaqlar dayandırılacaq və cəzalar çəkilmiş hesab olunacaq.
Lakin qəsdən adam öldürmə kimi ən ağır cinayətləri törədən şəxslər qanunda nəzərdə tutulan mexanizmdən kənarda qalacaq. Qanun layihəsində "PKK"nın qurucusu Abdullah Öcalanın adı çəkilmir. Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz bildirib ki, Öcalanın taleyi “bu qanunun əhatə dairəsinə daxil deyil”.
Prezident tərəfindən imzalandıqdan və hökumətin rəsmi nəşri olan "Resmi Gazete"də dərc edildikdən sonra qanun qüvvəyə minəcək.
