Donald Tramp İrandan “öldürdükləri və yaraladıqları bütün insanlar” üçün təzminat tələb edir

Dünya xəbərləri Materials 11 Avqust 2026 02:20 (UTC +04:00)
Donald Tramp İrandan “öldürdükləri və yaraladıqları bütün insanlar” üçün təzminat tələb edir
Vüsal Cəfərov
Vüsal Cəfərov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp avqustun 10-da “Truth Social” sosial şəbəkəsində bildirib ki, ABŞ İranın son onilliklər ərzində xaricdəki rəqiblərinə və ya öz ərazisindəki etirazçılara qarşı həyata keçirdiyi hücumlarla bağlı İrandan “kompensasiya” tələb edəcək.

Amerika prezidenti bildirib ki, bu tələb İran hakimiyyətinin irəli sürdüyü şərtə cavab olaraq bütün danışıqlarda “qətiyyətlə” səsləndiriləcək. İran hakimiyyəti Hörmüz boğazı ilə bağlı istənilən razılaşmanı ABŞ tərəfindən təzminat ödənilməsi ilə şərtləndirir. Donald Tramp yazıb ki, İran “beş aylıq hərbi münaqişə zamanı məruz qaldığı ziyana görə kompensasiya tələb edir”, baxmayaraq ki, “bu məsələ bizim danışıqlarımızın və ya görüşlərimizin heç birində heç vaxt müzakirə olunmayıb”.

“Amma bu, maraqlı ideyadır, çünki eyni şəkildə mən də İrandan hücumlar və ‘münaqişələr’ zamanı öldürdükləri və yaraladıqları bütün insanlar üçün, o cümlədən 2000-ci ildə Yəməndə ölümcül hücuma məruz qalan ABŞ hərbi gəmisi “USS Cole”da öldürülənlərin ailələri üçün kompensasiya tələb edirəm”, – deyə respublikaçı milyarder əlavə edib.

Donald Tramp həmçinin bildirib ki, “son 50 il ərzində İranın öldürdüyü yüz minlərlə günahsız etirazçının ailələrinə, heç olmasa son beş ayda öldürülən 52 min insanı demirəm, kompensasiya ödənilməlidir”.

Bu yeni tələb Hörmüz boğazı ilə bağlı tezliklə razılaşma əldə olunmasını daha da çətinləşdirir. İran isə öz növbəsində Vaşinqtonun onun “bütün” şərtlərini qəbul etməsini tələb edir.

Tehran hesab edir ki, ABŞ İrana və onun müttəfiqlərinə, o cümlədən Yəmən və İraqa qarşı “müharibəyə və təcavüzə birdəfəlik son qoymalı”, İran limanlarına tətbiq etdiyi blokadanı aradan qaldırmalı, hərbi əməliyyatların vurduğu ziyana görə “İrana tam kompensasiya ödəməli”, iqtisadiyyata qarşı sanksiyaları ləğv etməli və dondurulmuş İran aktivlərini “şərtsiz” açmalıdır.

Bazar günü Donald Tramp bildirib ki, nə böyük hərbi əməliyyata, nə də xüsusi diplomatik səylərə ehtiyac duyur və sadəcə İranın iqtisadi çətinliklərini “müşahidə etməsinin” kifayət etdiyini deyib.

“Biz sakit qalırıq. Sadəcə İranı, onun sürətlə artan inflyasiyasını və artıq pulunun qalmamasını müşahidə edirik”, – deyə o, “Axios”a müsahibəsində bildirib.

Xəbər lenti

Xəbər lenti