Bakı. Trend:
Amerika Birləşmiş Ştatları (ABŞ), Azərbaycan və Ermənistan Ağ Evdə təşkil olunmuş Sülh Sammitinin birinci ildönümü ilə bağlı Birgə Bəyanat yayıb.
Trend
Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) yaydığı Birgə Bəyanatı
təqdim edir:
Bir il əvvəl Prezident Tramp Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev və Ermənistan Respublikasının Baş naziri Nikol
Paşinyanla birlikdə Ağ Evdə tarixi Sammitə ev sahibliyi edib və
Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyan sülh üçün Birgə
Bəyannamə imzalayıblar. Üç liderin şahidliyində Ermənistan və
Azərbaycanın xarici işlər nazirləri tərəfindən “Ermənistan
Respublikası ilə Azərbaycan Respublikası arasında Sülhün və
Dövlətlərarası Münasibətlərin Təsis Edilməsi haqqında Saziş”
layihəsi paraflanıb. Bu birinci ildönümdə ölkələrimizin birlikdə
əldə etdiyi nailiyyətlərə görə dərin qürur hissi keçirir və
onilliklər boyu davam etmiş münaqişəyə son qoyan, Cənubi Qafqazı
daha firavan gələcəyə doğru aparan bu təməl üzərində irəliləmək
əzmindəyik. Sülhün təmin olunması istiqamətində bu tarixi və mühüm
səylərə verilən yüksək qiymətin ifadəsi olaraq, Prezident Əliyev və
Baş nazir Paşinyan birlikdə Prezident Trampın Nobel Sülh Mükafatına
namizədliyini irəli sürüblər.
Birgə Bəyannamə ABŞ-ın dəstəyi ilə Ermənistan və Azərbaycan üçün
sülhün möhkəmləndirilməsi, rifahın təmin edilməsi və tərəfdaşlığın
dərinləşdirilməsi istiqamətində konkret yol xəritəsi müəyyən edib.
Cəsarətli liderlərinin bir araya gəlməsindən ötən bir il ərzində bu
ölkələr davamlı uğurların təmin edilməsi üçün təməl işlər
görüblər.
✓ Ermənistan və Azərbaycan Ermənistan-Azərbaycan sərhədi boyunca
sabitliyi qoruyub saxlayıb və hər iki tərəf münasibətlərin
normallaşdırılması, sərhədlərin delimitasiyası və davamlı
sabitliyin təmin edilməsi üçün zəruri tədbirlər vasitəsilə etimadın
gücləndirilməsi istiqamətində konkret addımlar atmaqdadırlar.
✓ Multimodal tranzit marşrutu olacaq Beynəlxalq Sülh və Rifah
naminə Tramp Marşrutu (TRIPP), infrastrukturun inkişafına rəhbərlik
edəcək TRIPP İnkişaf Şirkətinin yaradılmasına dair ABŞ-Ermənistan
razılaşması da daxil olmaqla, konkret irəliləyişlər sayəsində
ideyadan reallığa çevrilməkdədir. Ermənistanda mühəndis-tədqiqat
işləri artıq həyata keçirilməkdədir. Azərbaycan öz ərazisində
Ermənistanda TRIPP-ə birləşəcək avtomobil yolu və dəmir yolunun
tikintisini demək olar ki, başa çatdırıb. Üç ölkə həmçinin TRIPP
marşrutu boyunca elektrik enerjisinin ötürülməsi xəttinin inşasını
dəstəkləyir.
✓ Amerika Birləşmiş Ştatları Cənubi Qafqaz və Mərkəzi Asiyada
Transxəzər Ticarət Marşrutuna (Orta Dəhliz) özəl sektor
investisiyalarının cəlb edilməsinə dəstək göstərmək məqsədilə
Transxəzər Sahibkarlıq Fonduna 201 milyon ABŞ dolları məbləğində
vəsait ayırıb.
✓ Amerika Birləşmiş Ştatları həm Ermənistan, həm də Azərbaycanla
yeni ikitərəfli strateji tərəfdaşlıqları müəyyən edən xartiyalar,
habelə enerji təhlükəsizliyi, sərhəd infrastrukturu və
təhlükəsizliyi, süni intellekt və yarımkeçiricilər sahəsində
innovasiyalar və mühüm mineral ehtiyatlar üzrə anlaşma
memorandumları imzalamaqla, əlaqələrini daha da dərinləşdirib.
Bunlar hər üç ölkənin uzunmüddətli rifahına yönəlmiş sərmayələr
olmaqla, artıq konkret nəticələr verib.
✓ Ağ Evdə təşkil olunmuş Sülh Sammitinin ruhuna uyğun olaraq,
Azərbaycan Ermənistana münasibətdə bütün tranzit məhdudiyyətlərini
birtərəfli qaydada aradan qaldırıb. Bir il ərzində Azərbaycan
ərazisi vasitəsilə Ermənistana və Ermənistandan təqribən 60,000 ton
yük daşınıb. Azərbaycan həmçinin Ermənistanı 20,000 ton neft
məhsulu ilə tədarük edib. İki ölkə ikitərəfli ticarətin həcminin
artırılması istiqamətində fəaliyyətlərini davam etdirir.
✓ İki ölkənin telekommunikasiya operatorları regional bağlantı
marşrutlarının şaxələndirilməsi, Cənubi Qafqazda etibarlılıq və
dayanıqlılığın artırılması və Avrasiya telekommunikasiya
şəbəkələrində infrastrukturun inkişafına dəstək verəcək internet
sazişi imzalayıb.
✓ Həll olunmamış münaqişə dövrünün başa çatdığının təsdiqi olaraq,
ATƏT-in Minsk Qrupu və əlaqəli strukturlar Ermənistan və
Azərbaycanın birgə müraciəti əsasında ləğv edilib.
✓ Amerika Birləşmiş Ştatlarının dəvəti ilə Ermənistan və Azərbaycan
Sülh Şurasına qoşulub, bununla da daha dinc və firavan dünyanın
yaradılması istiqamətindəki səylərdə ABŞ-la çiyin-çiyinə
olduqlarını nümayiş etdiriblər.
Amerika Birləşmiş Ştatları, Ermənistan və Azərbaycan Ermənistanın
və Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri
çərçivəsində suverenliyinə, ərazi bütövlüyünə və yurisdiksiyasına
sarsılmaz dəstəklərini bir daha təsdiq edirlər. Hər üç dövlət 8
Avqust Birgə Bəyannaməsinin mətninə və ruhuna uyğun olaraq, onun
tam şəkildə həyata keçirilməsinə, habelə regionun fövqəladə
iqtisadi potensialının üzə çıxarılmasına sadiq qalır. Bundan əlavə,
Amerika Birləşmiş Ştatları Ermənistan və Azərbaycanla imzalanmış
ikitərəfli xartiyaların və anlaşma memorandumlarının tam şəkildə
həyata keçirilməsinə və hər iki ölkə ilə ikitərəfli
münasibətlərinin gücləndirilməsinə sadiqdir.
Həqiqi sülh bir gündə əldə edilmir, bununla belə, Prezident Trampın
ifadə etdiyi kimi – verilən vədlər yerinə yetirilir. Azərbaycan və
Ermənistanın davamlı sülhə doğru atdığı addımlar dünya üçün nümunə
təşkil edir və bu baxımdan biz regionun parlaq və firavan
gələcəyini səbirsizliklə gözləyirik.
