Bakı. Trend:
Subbakalavrların 2026-2027-ci tədris ili üçün universitetlərə
tələbə qəbulu müsabiqəsində iştirakı üçün müsabiqə şərtləri
açıqlanıb.
Bu barədə məlumat “Abituriyent” jurnalının 4-cü sayında əks
olunub.
Məlum olduğu kimi, orta ixtisas təhsili pilləsi və ya yüksək
texniki peşə təhsili səviyyəsi üzrə “subbakalavr” peşə-ixtisas
dərəcəsi almış şəxslər (bundan sonra – subbakalavrlar) qəbul
imtahanlarında iştirak etmədən ali təhsil müəssisələrinə müsabiqə
yolu ilə qəbul olmaq hüququna malikdirlər. Subbakalavrlar ixtisas
seçimində iştirak etmək üçün 2026-cı il avqustun 12-dən 19-dək
qəbul olmaq istədikləri ixtisasların kodlarını “Abituriyentin
elektron ixtisas seçimi ərizəsi”nə daxil edib təsdiq etməlidirlər
(bax: səh. 10, “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin
doldurulma qaydası).
Subbakalavrlar yalnız orta ixtisas təhsili pilləsində və ya yüksək
texniki peşə təhsili səviyyəsində təhsil aldıqları tədris dilinə və
bitirdikləri ixtisasa uyğun olan ixtisasları seçə bilərlər. Qəbul
aparılan ixtisasların uyğunluğu Dövlət İmtahan Mərkəzi ilə
razılaşdırılmaqla, Elm və Təhsil Nazirliyi tərəfindən müəyyən
olunub.
Subbakalavr ixtisas seçərkən bu ixtisas üzrə dövlət sifarişi
əsasında/dövlət hesabına və ya ödənişli əsaslarla təhsil almaq
istədiyini qeyd etməlidir. Hər hansı bir ixtisas üzrə həm dövlət
sifarişi, həm də ödənişli əsaslarla olan yerlərin müsabiqəsində
iştirak etmək istəyən subbakalavr həmin ixtisasın kodunu ərizəyə
iki dəfə daxil etməli və ayrılıqda bu ixtisas üzrə təhsilini dövlət
sifarişi əsasında və ya ödənişli əsaslarla almaq istədiyini qeyd
etməlidir. İxtisas kodlarını, onların sayını və ardıcıllığını
subbakalavr özü müəyyənləşdirir.
Dövlət hesabına ali təhsil almış şəxslər dövlət sifarişi
əsasında/dövlət hesabına ayrılmış yerləri seçə bilməzlər.
Subbakalavrların qəbul imtahanlarında iştirak etmədən aşağıda göstərilən ixtisaslara müsabiqə yolu ilə qəbulu aparılmır:
– Xarici dil fənni üzrə əlavə tələb qoyulan ixtisaslar;
– Ali təhsil müəssisələrinin “Riyaziyyat və informatika (rəqəmsal
bacarıqlar) müəllimliyi” və “İnformatika (rəqəmsal bacarıqlar)
müəllimliyi” ixtisasları;
– ADA Universitetinin ixtisasları;
– Bakı Ali Neft Məktəbinin ixtisasları;
– Qarabağ Universitetinin ixtisasları;
– Türkiyə-Azərbaycan Universitetinin ixtisasları.
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin ixtisaslarını yalnız bu universitetin nəzdində olan Sənaye və Texnologiya Kolleci və Bakı Neft-Energetika Kollecindən məzun olan subbakalavrlar seçə bilərlər.
Azərbaycan Texniki Universitetinin ixtisaslarını yalnız bu universitetin nəzdində olan Bakı Dövlət Rabitə və Nəqliyyat Kolleci və Bakı Texniki Kollecindən məzun olan subbakalavrlar seçə bilərlər.
Xüsusi qabiliyyət tələb edən ixtisasları yalnız bu ixtisaslar üzrə qabiliyyət imtahanlarında iştirak edən və müvafiq müsabiqə şərtlərini ödəyən (bax: səh. 8 “Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə müsabiqə şərtləri” adlı cədvəl) subbakalavrlar seçə bilərlər.
İxtisas seçimi başa çatdıqdan sonra ali təhsil müəssisələrinin ixtisaslarının qəbul planı və dövlət sifarişi ilə tələbə qəbulunun proqnozu çərçivəsində (V ixtisas qrupunda qabiliyyət imtahanlarının nəticələri balla qiymətləndirilən ixtisaslar istisna olmaqla) əvvəlcə abituriyentlərin, bundan sonra isə subbakalavrların müsabiqə əsasında yerləşdirilməsi aparılır. V ixtisas qrupunda qabiliyyət imtahanlarının nəticələri balla qiymətləndirilən ixtisaslar üzrə müsabiqə isə abituriyentlər və subbakalavrlar arasında eyni vaxtda aparılır. Eyni yerə iddia edən abituriyent və subbakalavrın qabiliyyət imtahanı üzrə yekun balı bərabər olarsa, bu zaman üstünlük abituriyentə verilir.
Yerləşdirmə elektron ixtisas seçimi ərizəsində qeyd olunan ixtisasların ardıcıllığı nəzərə alınmaqla həyata keçirilir.
Eyni bir yerə iddia edən iki və daha artıq subbakalavrı bir-birindən fərqləndirmək məqsədilə aşağıda qeyd edilən ardıcıllıqla əlavə göstəricilərdən istifadə edilir:
Orta ixtisas təhsili pilləsi və ya yüksək texniki peşə təhsili səviyyəsi üzrə ümumi orta müvəffəqiyyət göstəricisi (ÜOMG),
Tam orta təhsil haqqında sənəddə (attestat) “Tədris dili”, “Ədəbiyyat”, “Xarici dil”, “Riyaziyyat”, “Azərbaycan tarixi”, “Ümumi tarix”, “Fizika”, “Kimya”, “Biologiya”, “Coğrafiya” fənləri üzrə yazılmış yekun qiymətlərin ədədi ortası (AYQƏO).
Ümumi balı eyni olan iki və daha çox subbakalavrı bir-birindən fərqləndirmək mümkün olmadıqda, onların hamısı müvafiq ixtisasa yerləşdirilir.
Qəbul imtahanında iştirak edən subbakalavr öz istəyindən asılı olaraq, həm imtahanda topladığı bal ilə abituriyent kimi ümumi qaydada, həm də subbakalavr kimi qəbul imtahanında iştirak etmədən orta ixtisas təhsili pilləsi və ya yüksək texniki peşə təhsili səviyyəsində bitirdiyi ixtisasa uyğun ali təhsil pilləsinin ixtisasları üzrə keçirilən müsabiqədə iştirak edə bilər. Bunun üçün həmin şəxs qəbul olmaq istədiyi ixtisasların kodlarını “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nə daxil edib təsdiq etməlidir.
Qeyd edək ki, tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi ali təhsil müəssisələrinə yerləşdirmə başa çatdıqdan sonra aparılacaq.
