Humanoid-robot şousu diaspor gəncləri arasında böyük maraq doğurub (FOTO)

Cəmiyyət Materials 11 Avqust 2026 12:00 (UTC +04:00)
Humanoid-robot şousu diaspor gəncləri arasında böyük maraq doğurub (FOTO)

Bakı.Trend:

Şərqi Zəngəzurda keçirilən Diaspor Gənclərinin VII Yay Düşərgəsi çərçivəsində “İnnovasiya ekosistemlərinin Azərbaycanın rəqəmsal inkişafında rolu” mövzusunda panel müzakirəsi keçirilib.

“Rabalon” MMC-nin kommersiya direktoru Vüsalə Abbasovanın moderatorluğu ilə keçirilən tədbirin qonaqları İnformasiya-Kommunikasiya Texnologiyaları Agentliyinin rəsmi nümayəndəsi Asim Namazov, “Rabalon” şirkətinin informasiya təhlükəsizliyi şöbəsinin rəhbəri Elvin Tağıyev, İT meneceri və həllər arxitektoru Vüqar İsmayılov, eləcə də müstəqil ekspert Sadıq İsmayılov olublar.

Müzakirələr zamanı dünyada geniş tətbiq olunan süni intellekt texnologiyalarının inkişaf tendensiyaları, onların rəqəmsal transformasiyaya töhfəsi və müxtəlif sahələrdə yaratdığı yeni imkanlar barədə məlumat verilib. Beynəlxalq təcrübə əsasında bu qədər dinamik inkişafın yaratdığı potensial risklərlə bağlı fikir mübadiləsi aparılıb. Eyni zamanda, məxfiliyin gücləndirilməsi və informasiya təhlükəsizliyi sahəsində maarifləndirmənin artırılmasının zəruriliyi diqqətə çatdırılıb.

İnteraktiv formatda davam edən paneldə gənclərin çoxsaylı sualları cavablandırılıb, həmçinin gələcəyin texnoloji çağırışları ilə bağlı praktiki tövsiyələr verilib.

Panelin ən yaddaqalan məqamlarından biri gənclərin böyük marağı və alqışları ilə qarşılanan humanoid robotun nümayişi olub.

Qeyd edək ki, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə avqustun 2-dən 8-dək keçirilən Diaspor Gənclərinin VII Yay Düşərgəsində dünyanın 64 ölkəsindən 123 gənc iştirak edib. Şəki, Şamaxı, Şuşa, Naxçıvan, Laçın və Xankəndi şəhərlərində keçirilmiş əvvəlki düşərgələrdə isə ümumilikdə dünyanın 84 ölkəsindən 700-dən çox gənc iştirak edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti