Bakı. Trend:
III ixtisas qrupu üzrə ümumilikdə 4 218 dövlət sifarişli plan yeri ayrılıb.
Bu barədə məlumat “Abituriyent” jurnalının 4-cü sayında əks olunub.
Ən çox dövlət sifarişli plan yeri hüquqşünaslıq (600) və xarici dil müəllimliyi (460) ixtisasları üzrə ayrılıb. Bu qrup üzrə ən az dövlət sifarişli plan yeri isə ədəbi yaradıcılıq və ekran dramaturgiyası ixtisası üzrə ayrılıb. Bu ixtisas üzrə cəmi 25 dövlət sifarişli yer nəzərdə tutulub.
Müsabiqəyə (həm dövlət sifarişi əsasında (dövlət hesabına), həm
də ödənişli əsaslarla qəbul aparılan yerlər üzrə) ümumi balı
200-dən, imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan
abituriyentlər buraxılır.
Müəyyən ixtisaslar üzrə tətbiq edilən tələblər qismən
fərqlidir.
Belə ki, dövlət ali təhsil müəssisələrinin (ADA Universiteti istisna olmaqla) tədrisi ingilis dilində olan ixtisaslarının müsabiqəsinə qəbul imtahanının birinci mərhələsində ingilis dili fənni üzrə nisbi balı 40-dan az olmayan abituriyentlər buraxılır.
Dövlət ali təhsil müəssisələrinin (ADA Universiteti istisna olmaqla) “Tərcümə (dillər üzrə)”, “Filologiya (xarici dil və ədəbiyyat üzrə)”, “Xarici dil müəllimliyi (dillər üzrə)” və “Beynəlxalq münasibətlər” ixtisaslarının müsabiqəsinə qəbul imtahanının birinci mərhələsində xarici dil fənni üzrə nisbi balı 40-dan az olmayan abituriyentlər buraxılır.
Aşağıda qeyd olunan ixtisaslar üzrə ödənişli əsaslarla ayrılmış
yerlərin müsabiqəsinə ümumi balı 150-dən və imtahanın ikinci
mərhələsi üzrə balı 50-dən az olmayan (dövlət sifarişi əsasında
ayrılan yerlər üzrə ümumi balı 200-dən və imtahanın ikinci
mərhələsi üzrə balı 100-dən az olmayan) abituriyentlər
buraxılır:
Muzey, arxiv işi və abidələrin qorunması;
Sosial iş;
Regionşünaslıq (regionlar üzrə).
