Bakı. Trend:
Son günlər Liviyada oxşar hücumlar baş verib. Şənbə günü Zaviya şəhərində dizel yanacağı çəninə, bazar günü isə su duzsuzlaşdırma zavoduna hücum edilib.
“Bazar ertəsi axşamı benzin saxlanması üçün Brega Oil Marketing şirkətinə məxsus 402-T çəninə birbaşa zərbə endirilib. Nəticədə güclü yanğın baş verib və çən tamamilə çöküb. Çəndə təxminən 4,5 milyon litr benzin olub. Bu isə obyekt, yaxınlıqdakı neft infrastrukturu və ətraf ərazilər üçün potensial təhlükə baxımından hadisəni son dərəcə ciddi edir”, – deyə Milli Neft Korporasiyası (NOC) bazar ertəsi “Facebook”da yaydığı bəyanatda bildirib.
Çən Liviyanın ikinci ən böyük neft emalı zavodunun ərazisində, Zaviyada yerləşir. Zaviyadakı zavodun emal gücü gündə 120 min bareldir.
NOC son günlərdə oxşar hücumların baş verdiyini bildirib. Şənbə günü Tripolidən 45 kilometr qərbdə yerləşən Zaviyada dizel yanacağı çəninə, bazar günü isə suyun duzsuzlaşdırılması zavoduna hücum edilib.
“Yanğınsöndürmə və mülki müdafiə qrupları dərhal müdaxilə edərək (...) yanğının yayılmasının qarşısını almaq üçün bitişik çənləri də soyutmağa başlayıblar”, – deyə Brega Oil bazar ertəsi axşam yaydığı bəyanatda bildirib. Şirkət artıq “dəymiş zərərin qiymətləndirilməsinə başladığını” da qeyd edib.
Ölkənin əsas şirkətlərindən biri olan Brega Oil bütün tərəfləri “istənilən düşmənçiliyə son qoymağa və neft obyektləri və saxlama anbarlarından uzaq durmağa” təcili çağırışını təkrarlayıb.
Hazırda hücum və ya yanğın nəticəsində ölən və yaralananların olub-olmadığı məlum deyil. NOC “fövqəladə vəziyyət” elan edib və araşdırma aparılmasını tələb edib.
Afrikanın ən böyük neft ehtiyatlarına malik olan Liviyada 2011-ci ildə Müəmmər Qəddafinin devrilməsi və öldürülməsindən sonra xaos hökm sürür. Hazırda ölkədə hakimiyyət uğrunda iki hökumət mübarizə aparır: onlardan birinə Əbdülhəmid Dbeibah rəhbərlik edir, digəri isə ölkənin şərqində yerləşir və güclü marşal Xəlifə Haftar və onun klanı tərəfindən nəzarətdə saxlanılır.
Dbeibah bazar ertəsi axşam yayılan bəyanata görə, gün ərzində daxili işlər naziri və paytaxtdakı bəzi silahlı qrupların rəhbərləri də daxil olmaqla əsas vəzifəli şəxslərlə “təhlükəsizlik sahəsində son hadisələri müzakirə etmək” üçün görüş keçirib. O, “təhlükəsizliyə, infrastruktura və həyati əhəmiyyətli obyektlərə xələl gətirən istənilən hərəkətin qətiyyətlə qarşısının alınmasının” vacibliyini vurğulayıb.
Liviyanın qərbində, Zaviya şəhərində yerləşən böyük benzin çəni naməlum şəxslərin hücumundan sonra bazar ertəsi yanıb və çöküb. Bu barədə Milli Neft Korporasiyası (NOC) məlumat yayıb.