Bakı. Trend:
ABŞ Prezidenti bazar ertəsi uşaqlara vaksinlərin vurulması arasında daha uzun fasilələr verilməsinə çağırıb və bununla bağlı açıqlamalarında autizmlə vaksinasiya arasında əlaqəyə dəfələrlə toxunub.
Donald Tramp bazar ertəsi vaksinlərlə bağlı yeni tövsiyələri özündə əks etdirən fərman imzalayıb. Sənəddə uşaqlara vaksinlərin vurulması arasında müddətin uzadılması tövsiyə olunur. Tramp fərmanı təqdim edərkən bir neçə dəfə autizmlə bağlı fikirlər səsləndirib.
Tibbi araşdırmalar heç vaxt autizmlə vaksinasiya arasında əlaqə müəyyən etməyib. Lakin ABŞ prezidenti və səhiyyə naziri Robert F. Kennedi Jr. belə bir əlaqənin ola biləcəyini irəli sürməkdə davam edirlər.
“Onilliklər əvvəl uşaqlar bu gün tələb olunan vaksinlərin yalnız kiçik bir hissəsini qəbul edirdilər. O vaxt insanlar daha sağlam idilər və əlbəttə ki, bu gün gördüyümüz autizmin yüksək səviyyəsi mövcud deyildi”, – Donald Tramp Ağ Evdə, Oval kabinetdə çıxışı zamanı deyib. O, nitqi zamanı bu neyroinkişaf pozuntusuna bir neçə dəfə toxunub. Bununla belə, Tramp autizmə nəyin səbəb olduğunu “bilmirik” deyə etiraf edib.
ABŞ prezidenti uşaqlara vurulan iynələrin “qazlı içki butulkası ölçüsündə” olduğunu deyib, lakin bu qeyri-adi müqayisə ilə bağlı hər hansı izahat verməyib.
Donald Trampın sözlərinə görə, sənəddə qızılca, məxmərək və parotitə qarşı vaksinlərin bir inyeksiya şəklində deyil, ayrı-ayrılıqda vurulması da tövsiyə olunur. Səhiyyə Nazirliyi bu vaksinlərin ayrıca tətbiqi üçün, lazım gəldikdə, “özəl sektor və digər ölkələrlə əməkdaşlıq edərək” təkliflər hazırlayacaq işçi qrupu yaradacaq.
Amerika Pediatriya Akademiyasının (AAP) prezidenti Endryu Rasinin jurnalistlərlə keçirdiyi telefon konfransında bildirib ki, ABŞ-da təsdiqlənmiş ayrı-ayrı vaksinlərin hazırlanması üçün on ildən çox vaxt tələb oluna bilər.
AAP nümayəndəsi Aaron M. Milstoun isə əlavə edib: “Biz uşaqlara təhlükəsizliyi onilliklər ərzində toplanmış məlumatlarla təsdiqlənən vaksinin tətbiqinə davam etməyi tövsiyə edirik.”
Ayrı bir telefon danışığı zamanı Ağ Evin yüksək vəzifəli rəsmilərindən prezidentin bu vaksinləri niyə ayrı tətbiq etmək istədikləri soruşulub. Onlar buna aydın izah verə bilməyiblər.
Özü də həkim olan respublikaçı senator Bill Kassidi “X” sosial şəbəkəsində bildirib ki, bu fərman yalnız “ictimai etimadsızlığı artıracaq və uşaqların təhlükəsizliyini təhlükə altına atacaq”.
“Bu fərman səhvdir. Prezidentin bu dəyişiklikləri həyata keçirmək üçün lazımi ekspertizası yoxdur. Vaksinlər son dərəcə təhlükəsizdir. Vaksinlər effektivdir. Vaksinlər autizmə SƏBƏB OLMUR”, – deyə o əlavə edib.
ABŞ federal hökumətinin vaksinlərlə bağlı birbaşa qərarlar qəbul etmək səlahiyyəti olmadığı üçün ştatlara məktəblərə getmək üçün tələb olunan vaksinlərə yenidən baxmağı tövsiyə etməklə kifayətlənir.
Bazar ertəsi imzalanan fərman ölkə üzrə milyonlarla uşağın məktəbə qayıtmağa hazırlaşdığı bir vaxta təsadüf edib. ABŞ hazırda son 35 ilin ən ağır qızılca epidemiyası ilə üzləşib.
Vaksinlərə qarşı mövqeyi ilə tanınan Robert Kennedi Jr. səhiyyə naziri təyin olunandan sonra bəzi vaksinlər, o cümlədən onilliklərdir istifadə olunan preparatlar üzrə genişmiqyaslı yenidən baxılma prosesinə başlayıb, uşaqlar üçün vaksinasiya təqvimini dəyişdirib və yeni vaksinlərin hazırlanmasına ayrılan maliyyəni azaldıb. Bu tədbirlər tibb və elm ictimaiyyəti tərəfindən kəskin şəkildə tənqid olunub.
ABŞ məhkəməsi ilin əvvəlində Kennedinin təşəbbüsü ilə başlayan ölkənin vaksin siyasətinin yenidən qurulması prosesini dayandırmışdı. Bir sıra səhiyyə təşkilatları həmin vaxt yeni tədbirlərin qanunsuz olduğunu bildirirdi.
Cato İnstitutunun nümayəndəsi Cefri Sinqer açıqlamasında deyib: “Tramp administrasiyasının uşaqlar üçün vaksinasiya təqviminə təklif etdiyi dəyişikliklər hökumətin tövsiyələrinə tibbi qərarların qəbulunda üstün mövqe verilməsinin yaratdığı riskləri nümayiş etdirir.”
