Bakı. Trend:
II ixtisas qrupu üzrə ümumilikdə 4 185 dövlət sifarişli plan yeri ayrılıb. Ən çox dövlət sifarişli plan yeri İqtisadiyyat (680), Turizm işinin təşkili (550), Maliyyə (550) və Mühasibat (500) ixtisasları üzrə ayrılıb.
Bu barədə məlumat “Abituriyent” jurnalının 4-cü sayında əks olunub.
II qrup üzrə ən az dövlət sifarişli plan yeri isə Davamlı inkişaf ixtisası üzrə ayrılıb. Bu ixtisas üzrə cəmi 30 dövlət sifarişli plan yeri ayrılıb.
Müsabiqəyə (həm dövlət sifarişi əsasında/dövlət hesabına, həm də ödənişli əsaslarla qəbul aparılan yerlər üzrə) ümumi balı 200-dən, imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan abituriyentlər buraxılır.
Müəyyən ixtisaslar üzrə tətbiq edilən tələblər qismən fərqlidir.
Dövlət ali təhsil müəssisələrinin (ADA Universiteti, Bakı Ali Neft Məktəbi, Sumqayıt Dövlət Universiteti və Mingəçevir Dövlət Universiteti istisna olmaqla) tədrisi ingilis dilində olan ixtisaslarının müsabiqəsinə qəbul imtahanının birinci mərhələsində ingilis dili fənni üzrə nisbi balı 40-dan az olmayan abituriyentlər buraxılır.
Aşağıda qeyd olunan ixtisaslar üzrə ödənişli əsaslarla ayrılmış yerlərin müsabiqəsinə ümumi balı 150-dən və imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan (dövlət sifarişi əsasında ayrılan yerlər üzrə ümumi balı 200-dən və imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan) abituriyentlər buraxılır:
Marketinq;
Biznesin idarə edilməsi; Turizm bələdçiliyi;
Turizm işinin təşkili; Mühasibat;
Dövlət və bələdiyyə idarəetməsi; Maliyyə; İqtisadiyyat;
Menecment;
Beynəlxalq ticarət və logistika;
Nəqliyyatda servis (nəqliyyat növləri üzrə).
