Bakı.Trend:
ABŞ-də “2Pac” kimi tanınan reper Tupak Şakurun qətlində ittiham olunan keçmiş dəstə lideri Dueyn Devisin məhkəməsi üzrə andlı münsiflərin seçiminə başlanılıb. Proses musiqiçinin ölümündən təxminən 30 il sonra yenidən başlayıb.
“The Guardian” yazıb ki, bu, ölkə tarixində ən səs-küylü açılmamış cinayətlərdən biridir.
Bazar ertəsi Las-Veqas məhkəməsinə andlı münsif olmağa 75-ə yaxın namizəd çağırılıb. Hüquqşünaslar onlara belə böyük rezonans doğuran işdə obyektiv və qərəzsiz qala biləcəkləri ilə bağlı suallar veriblər. Andlı münsiflərin yekun tərkibi həftənin sonundan tez formalaşmayacaq. Məhkəmə prosesinə hakim Karli Kirni sədrlik edir və prosesin beş həftəyədək davam edəcəyi gözlənilir.
Qeyd edək ki, Tupak 7 sentyabr 1996-cı ildə müəmmalı şəkildə Las-Veqasda qətlə yetirilib. 25 yaşlı reper musiqi prodüseri Şuq Naytla birlikdə “MGM Grand” kompleksində Mayk Tayson və Brüs Seldon arasında keçirilən boks görüşünü izləyib. Döyüşdən sonra hotelin foyesində insident baş verib: Tupak və onun ətrafındakılar “South Side Compton Crips”in rəqib dəstəsinin üzvü olan Dueyn “Kif Di” Devisin qardaşı oğlu Orlando Andersonla əlbəyaxa olublar.
Daha sonra Tupak və Şuq Nayt qara rəngli BMW-yə minərək kluba gediblər. Avtomobil qırmızı işıqda dayanarkən onların yanında ağ rəngli “Cadillac” dayanıb. Pəncərədən atəş açılıb. Ekspertizanın məlumatına görə, atəş “Glock 22” tapançasından açılıb. Tupaka dörd güllə dəyib: ikisi sinəsinə, biri qoluna, biri isə bud nahiyəsinə. Güllələrdən biri sıçrayaraq sağ ağciyəri yaralayıb. Şuq Nayt başından şüşə qəlpələri ilə xəsarət alıb, lakin sağ qalıb. Tupak Şakur ağır yaralanıb və sentyabrın 13-də vəfat edib.
