Bakı. Trend:
2025-ci ildə Azərbaycanda vergi hüquqpozmaları ilə bağlı icraatda olmuş cinayət işlərinin sayı 2 131 təşkil edib.
Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2025-ci il üzrə fəaliyyətinə dair illik hesabatında bildirilib.
2025-ci ildə başa çatmış cinayət işləri üzrə vurulmuş ziyanın məbləği də əhəmiyyətli dərəcədə yüksəlib. Belə ki, hesabat dövründə vurulmuş ziyan 202,7 milyon manat təşkil edib. Bu, əvvəlki illə müqayisədə 3,7 dəfə çoxdur.
Cinayət işləri üzrə dövlət büdcəsinə ödənilmiş vəsait isə 4,8 dəfə artaraq 156 milyon manata çatıb. Beləliklə, vergi hüquqpozmaları ilə bağlı cinayət işləri üzrə büdcəyə ödənilən vəsaitdə təxminən beşqat artım qeydə alınıb.
Eyni zamanda, barəsində həbs qətimkan tədbiri seçilmiş şəxslərin sayı azalıb. 2025-ci ildə belə şəxslərin sayı 7 nəfər olub ki, bu da 2024-cü illə müqayisədə 2,7 dəfə azdır.
Cinayət işlərinin mənbələr üzrə bölgüsü
2025-ci ildə icraatda olmuş 2 131 cinayət işinin 980-i və ya 46%-i hesabat ili ərzində başlanmış işlər olub.
Bundan başqa, 1 007 iş (47,3%) əvvəlki dövrlərdə icraatı dayandırılmış və sonradan icraatı təzələnmiş işlər, 75 iş (3,5%) əvvəlki ildən icraatda qalan işlər, 39 iş (1,8%) digər cinayət işlərindən ayrılmış işlər, 20 iş (0,9%) geri qaytarılmış işlər, 10 iş (0,5%) digər hüquq-mühafizə orqanlarından daxil olmuş işlər təşkil edib.
