Bakı. Trend:
Naxçıvan Muxtar Respublikası Azərbaycanın regional inkişaf strategiyasında yeni mərhələyə qədəm qoyur. Uzun illər blokada şəraitində yaşayan, lakin dövlətin ardıcıl diqqət və qayğısı nəticəsində sosial-iqtisadi potensialını qoruyaraq inkişaf etdirən muxtar respublika indi yalnız ölkədaxili iqtisadi məkanın deyil, Cənubi Qafqazda formalaşan yeni nəqliyyat, enerji və ticarət arxitekturasının əsas qovşaqlarından birinə çevrilmək perspektivi qazanır.
Naxçıvanın inkişafı Ulu Öndər Heydər Əliyevin siyasi xəttində daim xüsusi yer tutub. Bu yanaşma Prezident İlham Əliyev tərəfindən yeni şəraitə və müasir çağırışlara uyğun şəkildə davam etdirilib. Dövlət başçısının Naxçıvana diqqəti ayrı-ayrı layihələrlə məhdudlaşmayıb, muxtar respublikanın iqtisadi, sosial və infrastruktur baxımından ölkənin ümumi inkişaf modelinə daha sıx inteqrasiyasını hədəfləyən sistemli siyasətə çevrilib.
Son illərdə görülən işlər də bunun konkret nəticələrini göstərir. Yeni istehsal və xidmət sahələrinin yaradılması, sahibkarlığın güzəştli maliyyələşdirilməsi, sənaye potensialının genişləndirilməsi, yol, enerji, su, təhsil və sosial xidmət infrastrukturlarının yenilənməsi Naxçıvan iqtisadiyyatının daha dayanıqlı və rəqabətqabiliyyətli modelə keçidini sürətləndirir.
Muxtar respublikada yüzlərlə yeni istehsal və xidmət sahəsinin yaradılması, sahibkarlıq layihələrinin maliyyələşdirilməsi, əsas kapitala investisiyaların əhəmiyyətli dərəcədə artması artıq Naxçıvanda iqtisadi fəallığın yeni miqyas aldığını göstərir. Naxçıvan Sənaye Parkının yaradılması isə bu prosesin növbəti mərhələsi kimi qiymətləndirilə bilər. Burada məqsəd yalnız daxili tələbatın ödənilməsi deyil, yeni istehsal zəncirlərinin qurulması, investisiyanın təşviqi və ixrac imkanlarının genişləndirilməsidir.
Naxçıvanın strateji mövqeyi iqtisadi üstünlüyə çevrilir
Prezident İlham Əliyevin Naxçıvana diqqətinin regional əhəmiyyəti isə muxtar respublikanın sərhədlərindən xeyli kənara çıxır. Azərbaycan, Türkiyə, İran və Ermənistan arasında xüsusi coğrafi mövqeyə malik Naxçıvan gələcəkdə Cənubi Qafqazın ən mühüm nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilə bilər.
Əsrlər boyu müxtəlif ticarət yollarının kəsişdiyi Naxçıvan yeni geoiqtisadi şəraitdə tarixi funksiyasını daha geniş miqyasda bərpa etmək imkanı əldə edir. Yeni dəmir və avtomobil yolları, logistika infrastrukturu, enerji xətləri və sənaye layihələrinin bir-biri ilə əlaqəli şəkildə inkişaf etdirilməsi muxtar respublikanı regional ticarətin mühüm paylama mərkəzinə çevirə bilər.
Bu baxımdan Naxçıvanın gələcəkdə regionun böyük ticarət mərkəzlərindən birinə, iqtisadi dövriyyənin və sərmayənin cəmləşdiyi platformaya çevrilməsi üçün real zəmin formalaşır. Türkiyə, İran və Ermənistanla sərhəd Naxçıvana geniş regional bazarlara çıxış imkanı verir. Perspektivdə bu coğrafiyanın təxminən 200 milyon nəfərlik bazarla birbaşa və dolayı iqtisadi əlaqələr qurması mümkündür.
TRIPP və yeni nəqliyyat arxitekturası
Regionda kommunikasiyaların açılması və TRIPP istiqamətində nəzərdə tutulan bağlantılar Naxçıvanın gələcək rolunu daha da artırır. Burada əsas məsələ yalnız Azərbaycanın əsas hissəsi ilə muxtar respublika arasında fasiləsiz nəqliyyat əlaqəsinin yaradılması deyil.
Yeni bağlantının Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinə inteqrasiyası Naxçıvanı daha geniş Avrasiya logistika sisteminin bir hissəsinə çevirə bilər. Bunun nəticəsində Mərkəzi Asiyadan Azərbaycan vasitəsilə Türkiyə və Avropaya istiqamətlənən yük axınlarının alternativ marşrutları formalaşa bilər.
İndiyədək regional tranzitin böyük hissəsi Gürcüstan istiqamətindən həyata keçirilirdisə, yeni kommunikasiya imkanlarının yaradılması gələcəkdə yük axınlarının müəyyən hissəsinin Naxçıvan üzərindən hərəkətinə imkan verəcək. Perspektivdə 15 milyon tona qədər yükötürmə imkanına malik nəqliyyat xəttinin formalaşması Naxçıvanın iqtisadi çəkisini əhəmiyyətli dərəcədə artıra bilər.
Belə bir infrastruktur yalnız tranzit gəlirlərinin artması demək deyil. Nəqliyyatın olduğu yerdə anbar və logistika xidmətləri, emal müəssisələri, sənaye zonaları, ticarət mərkəzləri, xidmət sektoru və yeni iş yerləri yaranır. Buna görə də Naxçıvandan keçəcək yeni nəqliyyat xətlərinin ətrafında gələcəkdə istehsal klasterlərinin formalaşdırılması iqtisadi inkişafın məntiqi davamı ola bilər.
Türkiyə və İranla yeni iqtisadi imkanlar
Naxçıvanın regional kommunikasiya mərkəzinə çevrilməsi Azərbaycanın Türkiyə ilə iqtisadi əlaqələrinin genişlənməsi baxımından da xüsusi əhəmiyyət daşıyır. Qars–İğdır–Naxçıvan istiqamətində dəmir yolu bağlantısının formalaşması muxtar respublikanın Türkiyənin nəqliyyat sistemi vasitəsilə Avropa bazarlarına çıxış imkanlarını gücləndirəcək.
İran istiqamətində mövcud iqtisadi və nəqliyyat əlaqələri isə Naxçıvan üçün əlavə alternativ yaradır. Beləliklə, muxtar respublikanın gələcək modeli yalnız bir marşrutdan asılı deyil, müxtəlif istiqamətlər üzrə şaxələndirilmiş nəqliyyat və enerji əlaqələrinə əsaslana bilər.
Bu yanaşma həm də Azərbaycanın regional siyasətinin əsas xüsusiyyətlərindən birini göstərir: yeni kommunikasiyalar qarşıdurma deyil, qarşılıqlı iqtisadi maraqlar üzərində qurulan əməkdaşlıq modeli formalaşdırmalıdır.
Ermənistanla sülh gündəliyinin irəliləməsi də bu kontekstdə regionun iqtisadi mənzərəsini dəyişə bilər. Kommunikasiyaların açılması yalnız Azərbaycan və Ermənistan üçün deyil, Türkiyə, İran, Mərkəzi Asiya ölkələri və Avropa bazarları üçün yeni logistika imkanları yarada bilər.
Enerji xəritəsində də Naxçıvanın rolu artır
Muxtar respublikanın yeni inkişaf modelində enerji təhlükəsizliyi ayrıca strateji istiqamət təşkil edir. Son illərdə həyata keçirilən layihələr nəticəsində Naxçıvanın enerji təminatı daha çox şaxələndirilir, elektrik infrastrukturunun modernləşdirilməsi sürətləndirilir, yeni generasiya gücləri yaradılır.
İğdır–Naxçıvan qaz boru kəmərinin istifadəyə verilməsi enerji təchizatında alternativ imkan yaradıb və muxtar respublikanın enerji təhlükəsizliyinin güclənməsinə mühüm töhfə verib. Bununla yanaşı, su elektrik stansiyalarının tikintisi, yarımstansiyaların yenilənməsi və elektrik şəbəkəsinin modernləşdirilməsi Naxçıvanın enerji sisteminin dayanıqlığını artırır.
Perspektiv isə bundan daha genişdir. Bərpa olunan enerji potensialının inkişafı Naxçıvanı yalnız öz tələbatını ödəyən regiondan potensial enerji ixracatçısına çevirə bilər. Mərkəzi Asiyadan və Azərbaycanın digər bölgələrindən Türkiyə, oradan isə Avropaya istiqamətlənə biləcək gələcək enerji xətlərində Naxçıvanın coğrafi mövqeyi mühüm rol oynaya bilər.
Beləliklə, gələcək tranzit xəritəsində Naxçıvan yalnız dəmir yolu və avtomobil yollarının deyil, strateji enerji arteriyalarının da keçdiyi məkanlardan birinə çevrilmək potensialına malikdir.
İnfrastruktur dəyişdikcə iqtisadi model də dəyişir
Yeni logistika imkanlarının səmərəli işləməsi üçün Naxçıvan daxilində həyata keçirilən infrastruktur layihələri də xüsusi əhəmiyyət daşıyır. Avtomobil yollarının əsaslı təmiri, şəhər nəqliyyatının elektrik avtobusları əsasında yenilənməsi, su təsərrüfatının modernləşdirilməsi, yeni sosial və təhsil obyektlərinin yaradılması bütövlükdə iqtisadi mühitin keyfiyyətini dəyişir.
Su təhlükəsizliyi sahəsində nəzərdə tutulan genişmiqyaslı tədbirlər kənd təsərrüfatının inkişafına da yeni imkanlar yaradır. Müasir suvarma sistemlərinin yaradılması, kollektor-drenaj şəbəkələrinin qurulması, içməli su infrastrukturlarının yenilənməsi aqrar istehsalın dayanıqlığının yüksəldilməsinə xidmət edir.
Aqrar sektorda kooperasiya modelinin tətbiqi, istehsalla emal arasında əlaqələrin gücləndirilməsi və kiçik təsərrüfatların bazara çıxışının asanlaşdırılması isə Naxçıvanın gələcək iqtisadiyyatının yalnız tranzitdən deyil, yerli istehsal və ixracdan da gəlir əldə etməsinə imkan verə bilər.
Hərbi Zəfərdən iqtisadi və diplomatik reallığa
Cənubi Qafqazda baş verən proseslərin siyasi əsasında Azərbaycanın tarixi Zəfərindən sonra yaranmış yeni reallıqlar dayanır. Döyüş meydanında əldə edilən nəticə regionun siyasi və iqtisadi gündəliyini dəyişərək yeni kommunikasiyaların, nəqliyyat layihələrinin və iqtisadi əməkdaşlıq formatlarının müzakirəsinə imkan yaradıb.
Bu mənada “Prezident İlham Əliyev həm müharibəni, həm sülhü qazandı” tezisi yalnız siyasi məzmun daşımır. Azərbaycanın hərbi qələbədən sonra region üçün irəli sürdüyü iqtisadi əməkdaşlıq modeli dəmir yolları, avtomobil magistralları, logistika mərkəzləri, enerji xətləri və qarşılıqlı ticarət imkanları vasitəsilə praktik məzmun qazanır.
Sülhün davamlı olması üçün iqtisadi qarşılıqlı asılılığın və regional maraqların formalaşdırılması mühüm amildir. Azərbaycanın təşviq etdiyi kommunikasiya layihələri də məhz bu baxımdan hərbi-siyasi nəticələrin uzunmüddətli iqtisadi əməkdaşlığa çevrilməsinin əsas alətlərindən biri kimi çıxış edir.
Naxçıvan üçün yeni era
Bu proseslərin mərkəzində isə Naxçıvan dayanır.
Bir vaxtlar blokada səbəbindən coğrafi mövqeyinin üstünlüklərindən tam istifadə edə bilməyən muxtar respublika yeni nəqliyyat xətlərinin reallaşması ilə həmin coğrafiyanı mühüm iqtisadi aktivə çevirə bilər.
Naxçıvandan keçəcək ticarət yolları, logistika xətləri, dəmir yolları, enerji infrastrukturu və gələcək sənaye klasterləri muxtar respublikanı Azərbaycanın regional iqtisadi strategiyasının əsas dayaqlarından birinə çevirəcək.
Beləliklə, Naxçıvan üçün başlayan yeni mərhələ yalnız muxtar respublikanın inkişaf tarixinin növbəti səhifəsi deyil. Bu, bütövlükdə Azərbaycanın Cənubi Qafqazda yaratdığı yeni geoiqtisadi reallığın mühüm tərkib hissəsidir.
Tarixən Şərqlə Qərb arasında ticarət yollarının üzərində yerləşən Naxçıvanın qarşısında indi həmin strateji mövqeni müasir nəqliyyat, enerji, sənaye və logistika imkanları ilə birləşdirmək perspektivi dayanır. Bu proses uğurla tamamlandıqda muxtar respublika blokada anlayışı ilə deyil, regional bağlantı, tranzit və iqtisadi inkişaf anlayışları ilə xarakterizə olunan yeni dövrə daxil olacaq.
