SOCAR ötən il 1 milyon ton CO₂ ekvivalenti emissiyanın qarşısını alıb

Energetika Materials 12 Avqust 2026 10:18 (UTC +04:00)
SOCAR ötən il 1 milyon ton CO₂ ekvivalenti emissiyanın qarşısını alıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

SOCAR-ın Azərbaycan Respublikası üzrə əməliyyatlarında 2025-ci il ərzində təxminən 1 milyon ton CO₂ ekvivalenti həcmində istixana qazı emissiyası azaldılıb.

Bu barədə SOCAR-ın 2025-ci il üzrə Dayanıqlılıq Hesabatında bildirilib.

Hesabata əsasən, emissiyaların azaldılmasına əsasən SOCAR-ın “Azneft” İstehsalat Birliyində sızmaların aşkarlanması və aradan qaldırılması proqramının (Leak Detection and Repair – LDAR) həyata keçirilməsi hesabına nail olunub.

Bundan əlavə, hesabat ilində SOCAR-ın Dekarbonizasiya Yol Xəritəsi təsdiqlənib. Sənəd metan emissiyalarının azaldılması, elektrikləşdirmə, karbonun tutulması texnologiyalarının tətbiqi, enerji səmərəliliyinin artırılması və bərpa olunan enerji mənbələrinin genişləndirilməsi istiqamətlərini əhatə edir.

SOCAR bərpa olunan enerji layihələrinin maliyyələşdirilməsi məqsədilə 200 milyon ABŞ dolları həcmində yaşıl istiqrazlar da buraxıb.

Hesabatda qeyd olunur ki, SOCAR-ın Azərbaycan üzrə yerli təchizatçılara yönəltdiyi satınalma xərclərinin payı 82 faizdən 88 faizə yüksəlib.

SOCAR Qrupunun 2025-ci ildə sosial xərcləri isə 412 milyon manat təşkil edib.

İşçilərin inkişafı istiqamətində il ərzində 11 proqram həyata keçirilib. Bunlar arasında Liderlik Akademiyası, Enerji Liderləri və Gənc İstedadlar proqramları da yer alıb.

Hesabat dövründə işçilər üçün ümumilikdə 525 mindən çox təlim saatı təşkil edilib. İşçilərin cəlb olunma göstəricisi 84 faiz, məmnunluq səviyyəsi isə 78 faiz təşkil edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti