Mərkəzi Bank not hərraclarının sayını açıqlayıb

İqtisadiyyat Materials 12 Avqust 2026 11:00 (UTC +04:00)
Mərkəzi Bank not hərraclarının sayını açıqlayıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin I yarısında Azərbaycan Mərkəzi Bankı (AMB) 92 not hərracı keçirib.

Bu barədə AMB məlumat yayıb.

Məlumata görə, 2026-cı ilin I yarısında Mərkəzi Bank avtonom amillərin monetar şəraitə təsirini neytrallaşdırmaq və AZIR indeksinin uçot dərəcəsinə yaxın trayektoriyada formalaşmasını dəstəkləmək məqsədilə, əsasən, 7 günlük depozit əməliyyatlarından istifadə edib. 2026-cı ilin yanvar–iyun aylarında 48 depozit hərracı keçirilib. Bu hərracların orta həcmi 1423 milyon manat olub.

Bildirilib ki, açıq bazar əməliyyatları çərçivəsində müxtəlif müddətli – 28 günlük (1 ay), 84 günlük (3 ay), 168 günlük (6 ay) və 252 günlük (9 ay) notların yerləşdirilməsi üzrə hərraclar davam etdirilib: “Hesabat dövründə hər bir müddət üzrə 23 dəfə olmaqla ümumilikdə 92 not hərracı keçirilib. AMB-nin not portfelinin ümumi həcmi dövrün sonuna 484 milyon manat təşkil edib ki, bu da ötən ilin sonu ilə müqayisədə 113 milyon manat çoxdur. Dövr ərzində qısamüddətli notların gəlirliliyində də azalma müşahidə olub. Belə ki, 2026-cı ilin iyun ayında keçirilən son hərraclarda formalaşan gəlirlilik ötən ilin sonu ilə müqayisədə bütün müddətlər üzrə enib. Belə ki, gəlirlilik 28 günlük notlarda 6.75%-dən 6.54%-ə, 84 günlük notlarda 6.68%-dən 6.49%-ə, 168 günlük notlarda 6.80%-dən 6.48%-ə, 252 günlük notlarda isə 6.85%-dən 6.50%-ə düşüb”.

Bundan başqa, bildirilib ki, hesabat dövründə məcburi ehtiyat normalarının ortalama rejimdə tətbiqinin davam etdirilməsi banklar tərəfindən likvidliyin çevik idarə olunmasını dəstəkləyib: “Aparılmış monitorinqlərin nəticələrinə əsasən hesabat dövrü üzrə bankların həm milli, həm də xarici valyutada Mərkəzi Bankdakı müxbir hesablarının dövrlər üzrə orta qalıqları məcburi ehtiyat kimi saxlanmalı olan vəsaitlərin həcmini üstələmişdir. Qeyd olunan göstəricilər bank sektorunun kifayət qədər likvid vəsaitə malik olduğunu göstərir. Hesabat dövründə bank sektoru izafi likvidlik şəraitində fəaliyyət göstərmişdir. Belə ki, məcburi ehtiyat kimi saxlanmalı olan vəsaitlər nəzərə alınmadan sektorun struktur likvidlik profisiti (AMB-nin bank sistemi qarşısındakı öhdəlikləri ilə banklara tələbləri arasındakı fərq) cari ilin I yarımilinin sonuna 6 mlrd. manata çataraq ötən ilin dekabrı ilə müqayisədə 2.1 dəfə artmışdır. Bu da bankların kreditvermə potensialının kifayət qədər yüksək olduğunu göstərir. Ümumilikdə, 2026-cı ilin I yarısında Mərkəzi Bank tərəfindən həyata keçirilən monetar əməliyyatlar bank sistemində likvidliyin səmərəli idarə olunmasını və pul siyasətinin əməliyyat hədəflərinə nail olunmasını təmin etmişdir. Cari ilin qalan dövründə də pul siyasəti alətlərinin tətbiqi bank sisteminin likvidlik şəraiti, makroiqtisadi mühit və maliyyə bazarlarındakı meyillər nəzərə alınmaqla həyata keçiriləcək”.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti