Bakı. Trend:
2025–2026-cı tədris ilindən etibarən ümumi təhsil müəssisələrinin məzunlarına təhsil haqqında dövlət sənədləri ilk dəfə elektron formatda təqdim olunur.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin məlumatına görə, 2026-cı il məzunları attestatlarını artıq myGov platformasından əldə edə bilərlər.
Yeni tətbiq çərçivəsində təxminən 300 min məzunun attestatı elektron sənəd formasında hazırlanıb. Təhsil müəssisələrinin rəhbərləri tərəfindən elektron imza ilə təsdiqlənmiş attestatlar artıq myGov platformasında əlçatandır.
Məzunlar elektron attestatlarını myGov (web) → “Təhsil
məlumatlarım” → “Elektron təhsil sənədlərim” bölməsindən əldə edə
bilərlər. Valideynlər isə övladlarına aid təhsil sənədlərinə
“Övladlarımın təhsil sənədləri və məlumatları” bölməsi vasitəsilə
baxa bilərlər.
Elektron attestatın üzərindəki QR kodu oxutmaqla və ya edu.gov.az
saytının “Sənəd yoxlama” bölməsində sənədin nömrəsi və doğum
tarixini daxil etməklə attestatın həqiqiliyini yoxlamaq
mümkündür.
Qeyd edək ki, elektron attestatların yaxın günlərdə myGov mobil tətbiqində də əlçatan olması təmin ediləcək.
Elektron attestatların tətbiqi məzunlara təhsil sənədlərini daha rahat, operativ və əlçatan şəkildə əldə etmək imkanı yaradır.
