Bakı. Trend:
İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan sənaye zonalarına bu günədək 7,2 milyard manatdan çox investisiya yatırılıb.
Bu barədə agentlik məlumat yayıb.
Bildirilib ki, sahibkarlar tərəfindən 20,9 milyard manatlıq məhsul istehsal edilərək satılıb, bunun 6,7 milyard manatdan çoxu ixrac olunub.
"Hazırda ölkədə fəaliyyət göstərən 9 sənaye parkı, 3 sənaye məhəlləsi və 2 özəl sənaye məhəlləsində sahibkarlar üçün əlverişli biznes mühiti yaradılıb, 11 200-dən çox daimi iş yeri yaradılıb və yüzlərlə layihənin reallaşdırılmasına dəstək verilib.
Sənaye zonalarında indiyədək 148 rezident və 10 qeyri-rezident qeydiyyatdan keçib", - məlumatda vurğulanıb.
Qeyd edək ki, İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) İdarə Heyətinin sədri Seymur Adıgözəlov qurumun ötən il üzrə fəaliyyəti və qarşıda duran vəzifələrə həsr olunmuş mətbuat konfransında bildirib ki, ümumilikdə İqtisadi Zonaların İnkişafı Agentliyinin idarə etdiyi sənaye zonaları ölkənin sənaye potensialının gücləndirilməsində mühüm rol oynayır. Onun sözlərinə görə, 2025-ci ilin sonuna qədər sənaye zonalarında 138 rezident və 13 qeyri-rezident qeydiyyata alınıb. Ümumi investisiya portfeli 8,7 milyard manatdan artıq olan layihələr üzrə sahibkarlar tərəfindən 7 milyard manat həcmində faktiki sərmayə yatırılıb.
"Hazırda sənaye zonalarında 82 müəssisə fəaliyyət göstərir və 9 700-dən çox daimi iş yeri yaradılıb. 2015-2025-ci illərdə sənaye zonalarında ümumi dəyəri 19 milyard manatdan artıq məhsul istehsal olunaraq satılıb ki, bunun da 6 milyard manatdan çoxu ixrac edilib. Bu nəticələr sənaye zonalarının artıq dayanıqlı istehsal və ixracyönümlü sənaye ekosisteminə çevrildiyini göstərir", - deyə İZİA sədri vurğulayıb.
O əlavə edib ki, iqtisadi zonalar xarici investorlar üçün də getdikcə daha cəlbedici olur. Belə ki, 2016-cı ildə sənaye zonalarına cəlb edilən xarici investisiyaların həcmi cəmi 10,4 milyon manat olduğu halda, təkcə 2025-ci ildə bu göstərici 87,9 milyon manata yüksəlib. Onun sözlərinə görə, bu dinamika Azərbaycanın sənaye zonalarına beynəlxalq investorların marağının davamlı şəkildə artdığını nümayiş etdirir.
