Britaniya ilə Azərbaycan arasında ticarət dövriyyəsi artıb

İqtisadiyyat Materials 11 Avqust 2026 17:09 (UTC +04:00)
Britaniya ilə Azərbaycan arasında ticarət dövriyyəsi artıb
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı.Trend:

Bu ilin yanvar-iyun aylarında Azərbaycan ilə Böyük Britaniya arasında ticarət əməliyyatlarının həcmi 3,622 milyard ABŞ dolları təşkil edib.

Trend-in Dövlət Gömrük Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, bu göstərici 2025-ci ilin eyni dövrünün göstəricisindən 2,961 milyard ABŞ dolları və ya 5,5 dəfə çoxdur.

Hesabat dövründə Böyük Britaniyanın Azərbaycanın ümumi xarici ticarət dövriyyəsində payı 14,69 faiz təşkil edib. Beləliklə, Böyük Britaniya Azərbaycanın ən fəal ticarət əməliyyatları apardığı ölkələr arasında ikinci yeri tutub.

Bu ilin yanvar-iyun aylarında Azərbaycanın Böyük Britaniyaya ixracının həcmi 3,475 milyard ABŞ dolları təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,331 milyard ABŞ dolları və ya təxminən 24,1 dəfə çoxdur. Hesabat dövründə Azərbaycan Böyük Britaniyadan 146,7 milyon ABŞ dolları dəyərində məhsul idxal edib. Bu göstərici 2025-ci ilin yanvar-iyun aylarının göstəricisindən 370,4 milyon ABŞ dolları və ya 3,5 dəfə azdır. Beləliklə, Böyük Britaniya Azərbaycanın ən böyük məhsul təchizatçıları arasında onuncu yeri tutub.

Bundan əvvəl Böyük Britaniyanın İxracın Maliyyələşdirilməsi Agentliyinin (UKEF) baş direktoru Tim Reyd Trend-ə verdiyi müsahibədə bildirib ki, Böyük Britaniya ilə Azərbaycan arasında iqtisadi əlaqələr möhkəmdir və daha da möhkəmlənməkdə davam edir.

"Azərbaycan üzrə bazar risklərinin sığortalanması üçün bizdə ən yüksək təminat səviyyəsi mövcuddur – azı 5 milyard funt sterlinq. Bu da ölkəyə britaniyalı ixracatçılar üçün etibarlı tərəfdaş kimi inamımızı əks etdirir”, – deyə T. Reyd qeyd edib.

Onun sözlərinə görə, Böyük Britaniya ilə Azərbaycan arasında münasibətlərin 2025-ci ilin avqustunda Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Avropa, Şimali Amerika və xarici ərazilər üzrə dövlət naziri Stiven Dautinin Bakıya səfəri zamanı strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi hər iki tərəfin bu əməkdaşlığa nə qədər ciddi yanaşdığını göstərir.

“Biz artıq Azərbaycanda konkret nəticələr əldə etmişik. Bunlara nazirin səfəri zamanı müzakirə edilən “Silk Way West Airlines” üçün aviasiya trenajorunun tədarükü üzrə sazişə göstərilən dəstək daxildir. Gələcəkdə isə əməkdaşlığın daha da genişləndirilməsi üçün əhəmiyyətli imkanlar görürük. Azərbaycanın iqtisadiyyatın şaxələndirilməsi və infrastrukturun inkişafı istiqamətində səyləri, eləcə də Orta Dəhliz boyunca yerləşməsi Britaniya biznesi üçün geniş perspektivlər açır və UKEF bu istiqamətdə lazımi dəstəyi göstərməyə hazırdır”, – deyə agentliyin rəhbəri vurğulayıb.

O qeyd edib ki, UKEF-in dəstəyinin genişləndirilməsi üçün ən perspektivli sahələr təmiz enerji və zəruri əhəmiyyətli faydalı qazıntılardır. Bu iki istiqamətdə Azərbaycan böyük potensiala malikdir, Böyük Britaniya isə xüsusilə infrastruktur və peşəkar xidmətlər sahəsində dünya səviyyəli təcrübəyə sahibdir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti