Bakı. Trend:
Bir il əvvəl Vaşinqtonda əldə olunan razılaşmanın ardınca Azərbaycan, Ermənistan və ABŞ-nin yaydığı Birgə Bəyanat sülh prosesində ötən 12 ayın yekunlarını ortaya qoyub. Sənəddə yalnız bir il əvvəl əldə olunan razılaşmalar xatırlanmır, eyni zamanda Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması, yeni nəqliyyat bağlantılarının formalaşması və regionda iqtisadi əməkdaşlıq üçün atılan konkret addımlar sadalanır.
Bu baxımdan bəyanatın əsas əhəmiyyəti onun siyasi mesajından daha çox, bir il ərzində əldə olunan praktiki nəticələri ortaya qoymasıdır. Vaşinqtonda başlayan proses artıq yalnız diplomatik danışıqlar çərçivəsində qalmayıb, Cənubi Qafqazın iqtisadi və nəqliyyat xəritəsinə təsir edən real layihələrə çevrilməyə başlayıb.
Bunu Trend-ə politoloq Azər Qarayev deyib.
"Bir il əvvəl Ağ Evdə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın iştirakı ilə əldə olunan razılaşmalar uzun illər davam edən münaqişənin siyasi baxımdan bitirilməsi istiqamətində mühüm mərhələ yaratdı. Birgə Bəyanat göstərir ki, həmin gündən sonra əsas diqqət artıq sülhün nəticələrinin necə möhkəmləndiriləcəyinə yönəlib. Azərbaycan və Ermənistan sərhədində sabitliyin qorunması, münasibətlərin normallaşdırılması və sərhədlərin delimitasiyası istiqamətində atılan addımlar bunun əsas göstəricilərindəndir", - o bildirib.
Onun sözlərinə görə, ən mühüm dəyişikliklərdən biri də iki ölkə arasında iqtisadi əlaqələrin formalaşmağa başlamasıdır.
"Bəyanata əsasən, ötən bir il ərzində Azərbaycan ərazisindən Ermənistana və Ermənistandan təxminən 60 min ton yük daşınıb, Ermənistan isə Azərbaycandan 20 min ton neft məhsulu alıb. Bu rəqəmlər ilk baxışdan böyük görünməyə bilər. Lakin uzun illər bağlı qalan iqtisadi və nəqliyyat əlaqələri fonunda onların siyasi əhəmiyyəti daha böyükdür. Çünki sülhün davamlı olması üçün siyasi razılaşmaların gündəlik iqtisadi münasibətlərə çevrilməsi lazımdır", - o bildirib.
A.Qarayev qeyd edib ki, Birgə Bəyanatda xüsusi diqqət çəkən məqamTRIPP-in reallaşdırılması istiqamətində görülən işlərdir.
"Bu layihə Azərbaycan və Ermənistan arasında bağlantının bərpasından daha geniş məna daşıyır. Marşrutun yaradılması Cənubi Qafqazın nəqliyyat xəritəsini dəyişdirə, Azərbaycan üzərindən keçən regional bağlantıları gücləndirə və Ermənistanı da yeni tranzit imkanlarına çıxara bilər. Bəyanatda Ermənistan ərazisində mühəndis-tədqiqat işlərinin aparıldığı, Azərbaycanın isə öz ərazisində Ermənistanla birləşəcək avtomobil və dəmir yolunun tikintisini demək olar ki, başa çatdırdığı qeyd olunur. Bu isə bir il əvvəl siyasi sənəddə təsbit olunan ideyanın artıq infrastruktur layihəsinə çevrildiyini göstərir. TRIPP-in əhəmiyyəti yalnız Azərbaycan və Ermənistanla məhdudlaşmır. Layihə Orta Dəhlizlə əlaqələndikdə Cənubi Qafqazı Mərkəzi Asiya ilə Avropa arasında daha sıx bağlayan marşrutlardan birinə çevrilə bilər", - politoloq bildirib.
Politoloq vurğulayıb ki, ötən ilin daha bir mühüm nəticəsi ABŞ-nin regiondakı rolunun dəyişməsidir. Vaşinqton artıq yalnız siyasi vasitəçi kimi deyil, regional iqtisadi layihələrə və bağlantılara dəstək verən tərəf kimi çıxış edir.
"Birgə Bəyanatda ABŞ-nin Transxəzər Sahibkarlıq Fonduna 201 milyon dollar ayırdığı bildirilir. Bu vəsaitin Orta Dəhliz boyunca özəl sektor investisiyalarının cəlb edilməsinə yönəldilməsi Vaşinqtonun Cənubi Qafqaz və Mərkəzi Asiyanın iqtisadi potensialına daha böyük maraq göstərdiyini ortaya qoyur. Azərbaycan üçün bu proses xüsusilə əhəmiyyətlidir. Çünki ölkə son illərdə Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən əsas regional logistika mərkəzlərindən birinə çevrilmək istiqamətində ciddi infrastruktur qurub. Ermənistanla bağlantının bərpası isə bu imkanları daha da genişləndirə bilər", - A.Qarayev bildirib.
Onun sözlərinə görə, Birgə Bəyanatın ən mühüm mesajlarından biri də sülhün artıq yalnız münaqişənin olmaması kimi deyil, iqtisadi imkanların yaranması kimi qiymətləndirilməsidir.
"Azərbaycanın Ermənistanla bağlı tranzit məhdudiyyətlərini birtərəfli qaydada aradan qaldırması və qarşılıqlı yük daşımalarının başlaması bunun ilk nümunələrindəndir. Telekommunikasiya operatorları arasında imzalanan internet sazişi də münasibətlərin yalnız nəqliyyat və ticarətlə məhdudlaşmadığını göstərir. Beləliklə, son bir ildə Azərbaycan-Ermənistan münasibətlərində yeni mərhələnin konturları formalaşıb. Sərhəddə sabitlik, nəqliyyat bağlantılarının bərpası, ticarət və enerji əməkdaşlığı, telekommunikasiya əlaqələri – bütün bunlar sülhün institusional və iqtisadi dayaqlarını yaradır", - o bildirib.
A.Qarayev qeyd edib ki, bununla belə, bir il ərzində əldə olunan nəticələr son nöqtə deyil. Əksinə, indi daha çətin mərhələ başlayır – əldə olunan razılaşmaların tam və davamlı şəkildə həyata keçirilməsi.
"Birgə Bəyanatın sonunda ABŞ, Azərbaycan və Ermənistanın ölkələrin suverenliyi, ərazi bütövlüyü və yurisdiksiyasına dəstəyi bir daha təsdiqləməsi də məhz bu baxımdan əhəmiyyətlidir. Çünki davamlı sülh yalnız siyasi iradə ilə deyil, qarşılıqlı etimadın və praktiki əməkdaşlığın uzunmüddətli mexanizmlərlə möhkəmləndirilməsi ilə mümkündür.
Bir il əvvəl Vaşinqtonda əsas məsələ uzunmüddətli münaqişənin siyasi həllinə yol açmaq idisə, bu gün gündəmdə həmin sülhün regiona real iqtisadi fayda gətirməsidir. 60 min ton yük daşınması, enerji və telekommunikasiya əlaqələrinin qurulması, TRIPP-in reallaşdırılması istiqamətində işlər və Orta Dəhlizə yeni investisiyaların cəlb edilməsi göstərir ki, sülh artıq təkcə diplomatik sənədlərin mövzusu deyil.
Əsl nəticə də məhz burada ortaya çıxır. Cənubi Qafqazda onilliklər davam edən qarşıdurmanın yerini tədricən bağlantı, ticarət və əməkdaşlıq gündəliyi tutur. Əgər bu proses ardıcıl şəkildə davam etdirilərsə, Vaşinqtonda bir il əvvəl atılan addım yalnız Azərbaycan-Ermənistan münasibətlərinin tarixində deyil, bütövlükdə regionun iqtisadi inkişafında dönüş nöqtəsi kimi qiymətləndirilə bilər", - politoloq əlavə edib.
