Bakı.Trend:
Azərbaycanın altı ay ərzində Xorvatiyaya ixrac etdiyi neftin həcmi açıqlanıb.
Azərbaycan Dövlət Gömrük Komitəsinin dərc etdiyi xarici ticarətin gömrük statistikasına əsasən, yanvar-iyun aylarında Azərbaycandan Xorvatiyaya 162,7 milyon ABŞ dollar dəyərində 276,3 min ton bitumlu süxurlardan alınmış neft və neft məhsulları ixrac edilib.
Trend-in qurumun məlumatları əsasında apardığı hesablamalara görə, bu göstərici dəyər ifadəsində 2025-ci ilin eyni dövrü ilə müqayisədə 246,2 milyon ABŞ dolları və ya 60,2 faiz az, həcm baxımından isə 468,4 min ton və ya 62,9 faiz aşağı olub.
Bundan əlavə, Komitənin məlumatına görə, ötən ilin yanvar-iyun aylarında Azərbaycandan Xorvatiyaya 744,7 min ton bitumlu süxurlardan alınmış neft və neft məhsulları ixrac edilib. İxracın dəyəri 408,9 milyon ABŞ dolları olub.
Qurumun məlumatına əsasən, yanvar-iyun aylarında Azərbaycandan dünyanın digər ölkələrinə 10,125 milyon ton xam neft və bitumlu süxurlardan alınmış neft məhsulları ixrac edilib. İxracın ümumi dəyəri 6,231 milyard ABŞ dolları təşkil edib.
Agentliyin hesablamalarına görə, bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 178 milyon ABŞ dolları və ya 2,8 faiz azalıb. Fiziki həcm baxımından isə göstərici 1,921 milyon ton və ya 15,9 faiz azalıb.
Qurumun məlumatına görə, bu ilin yanvar-iyun aylarında Azərbaycanın neftinin ən iri üç idxalçısına İtaliya başçılıq edir. İtaliya Azərbaycandan ümumilikdə 3,495 milyard dollar dəyərində 5,915 milyon ton həcmində, nefti idxal edib. İkinci yerdə 705,8 min ton və 497,4 milyon dollar göstəricisi ilə Çexiya, üçüncü yerdə isə 358,8 min ton və 253,1 milyon dollardan çox göstərici ilə Bolqarıstan qərarlaşıb.
