Bakı. Trend:
ABŞ Enerji İnformasiya Administrasiyası (EIA) qlobal neft bazarında qiymətlərin yüksək səviyyədə qalacağını proqnozlaşdırır.
EIA-nın “Qısamüddətli Enerji Proqnozu” (STEO) hesabatında qeyd olunur ki, iyunda ABŞ və İran arasında anlaşma memorandumu imzalandıqdan sonra “Brent” markalı xam neftin spot qiyməti iyulun 2-də bir barel üçün 69 dollara qədər geriləyib.
Lakin iyulun sonlarına doğru Hörmüz boğazından keçən tankerlərə yenidən hücumların edilməsi və bunun fonunda boğaz vasitəsilə neft daşımalarının azalması qlobal neft qiymətlərinin yüksəlməsinə və bazarda volatilliyin artmasına səbəb olub.
“Brent” markalı neftin spot qiyməti iyulun 23-də bir barel üçün 105 dollara qədər yüksəlib.
EIA bildirir ki, Hörmüz boğazından keçən gəmilərə hücumlarla yanaşı, Səudiyyə Ərəbistanının neft ixracının Bab əl-Məndəb boğazı vasitəsilə blokadaya alınması təhlükəsi də qiymətlərin artmasına təsir göstərib.
“Bab əl-Məndəb həm qlobal neft daşımalarının əsas strateji keçid məntəqələrindən biridir, həm də Səudiyyə Ərəbistanının neft ixracını Hörmüz boğazından yan keçməklə həyata keçirmək üçün istifadə etdiyi alternativ marşrutlardan biridir”, - deyə hesabatda bildirilir.
EIA-nın qiymətləndirməsinə görə, 2026-cı ilin ikinci rübündə Hörmüz boğazından gündəlik orta hesabla 4,9 milyon barel xam neft və neft məhsulları daşınıb. Müqayisə üçün, münaqişə başlamazdan əvvəl, 2025-ci ilin dördüncü rübündə bu göstərici 21,6 milyon barel təşkil edib.
Bab əl-Məndəb boğazından keçən xam neft və neft mayelərinin həcmi isə 2026-cı ilin ikinci rübündə gündəlik orta hesabla 8,1 milyon barelə yüksəlib. 2025-ci ilin dördüncü rübündə bu göstərici 5,4 milyon barel olub.
Hesabatda qeyd olunur ki, Səudiyyə Ərəbistanı xam neft axınlarının bir hissəsini Hörmüz boğazından uzaqlaşdıraraq “East-West” boru kəməri vasitəsilə Qırmızı dənizdəki Yanbu limanına yönəldib.
EIA iyul ayında hasilatın dayandırılmasının gündəlik orta hesabla 5,5 milyon barel olduğunu qiymətləndirir. Administrasiya neftin Hörmüz boğazından daşınmasının avqust ayı ərzində ciddi şəkildə məhdud qalacağını, sentyabrda isə tədricən artacağını proqnozlaşdırır.
“Bu fərziyyə avqust ayı üçün hasilatı dayandırılmış xam neft həcmləri üzrə proqnozumuzu artırmağa və bununla da qlobal ehtiyatların daha da azalmasına səbəb olur”, - EIA bildirib.
Administrasiya hesab edir ki, mövcud şərtlər davam edərsə, neft hasilatı və ticarət axınlarının münaqişədən əvvəlki vəziyyətə ümumilikdə qayıtması 2027-ci ilin əvvəlinə qədər vaxt apara bilər. Bununla yanaşı, Fars körfəzi ətrafındakı bəzi istehsalçıların STEO proqnoz dövründə hasilatı əvvəlki orta səviyyələrə qaytara bilməyəcəyi gözlənilir.
EIA-nın məlumatına görə, Hörmüz boğazında davam edən fasilələr qlobal neft ehtiyatlarının əhəmiyyətli dərəcədə azalmasına səbəb olub. 2026-cı ilin ikinci rübündə dünya üzrə neft ehtiyatları gündəlik orta hesabla 4,2 milyon barel azalıb. Üçüncü rübdə isə ehtiyatların daha 3,8 milyon barel/gün azalacağı proqnozlaşdırılır.
Bu səbəbdən EIA “Brent” markalı xam neftin qiymətinin 2026-cı ilin üçüncü rübündə orta hesabla 85 dollar/barel təşkil edəcəyini gözləyir. Bu, əvvəlki STEO proqnozundan 11 dollar yüksəkdir.
Hörmüz boğazından neft daşımalarının tədricən bərpası və hasilatı dayandırılmış neftin yenidən bazara qayıtması ilə qiymətlərin aşağı düşəcəyi proqnozlaşdırılır. EIA 2026-cı ilin dördüncü rübündə “Brent”in orta qiymətinin 78 dollar/barelədək geriləyəcəyini bildirir.
Administrasiyanın hesablamalarına görə, hasilatı dayandırılmış neftin böyük hissəsi 2027-ci ilin birinci rübündə bərpa olunacaq. Bunun ardınca qlobal neft ehtiyatlarının yenidən artmağa başlaması gözlənilir ki, bu da qiymətlərin tədricən azalmasına səbəb olacaq.
EIA 2027-ci ildə “Brent” markalı neftin orta qiymətinin 69 dollar/barel səviyyəsində olacağını proqnozlaşdırır.
