Bakı.Trend:
ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) ABŞ hərbçilərinin Panama bayrağı altında üzən “M/V Vela Nova” gəmisinin İran istiqamətində Oman körfəzindən keçməyə cəhd göstərdiyi zaman ona atəş açdığını təsdiqləyib.
Bu barədə CENTCOM rəsmi “X” səhifəsində məlumat yayıb.
Hadisə yük gəmisinin ABŞ-nin İrana tətbiq etdiyi blokadanı yarmaq cəhdi zamanı baş verib.
"ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus MH-60 helikopteri gəminin mülki ekipajı ABŞ qüvvələrinin təkrar xəbərdarlıqlarına məhəl qoymadıqdan sonra Vela Nova gəmisinin mühərrik bölməsinə iki Hellfire raketi atıb. Gəmi artıq ABŞ-nin İrana tətbiq etdiyi və tam qüvvədə qalan blokadanı pozaraq İrana doğru hərəkət etmir”,-deyə məlumatda qeyd olunur.
Avqustun 11-nə olan məlumata görə, CENTCOM qüvvələri blokadadan yan keçməyə çalışan 55 kommersiya gəmisinin istiqamətini dəyişdirib, tələblərə tabe olmayan üç gəmini sıradan çıxarıb və iki gəminin göyərtəsinə daxil olaraq yoxlama aparıb.
