"Basel III" islahatları Azərbaycan banklarının zərərləri qarşılamaq qabiliyyətini gücləndirir - "Fitch"

Maliyyə Materials 12 Avqust 2026 13:02 (UTC +04:00)
"Basel III" islahatları Azərbaycan banklarının zərərləri qarşılamaq qabiliyyətini gücləndirir - "Fitch"
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı.Trend:

"Basel III" islahatları Azərbaycan banklarının zərərləri qarşılamaq qabiliyyətini gücləndirəcək.

"Fitch Ratings" Beynəlxalq reytinq agentliyinin məlumatına görə, Azərbaycanın bank kapitalına dair qaydalarının "Basel III" standartlarına uyğunlaşdırılması ölkə banklarının zərərləri qarşılamaq qabiliyyətini gücləndirməlidir. Bu, xüsusilə kapital buferləri nəzərə alınmaqla kapital tələbləri üzrə hədlərin artırılması hesabına təmin olunacaq və bank sektorunun iqtisadi dövrə boyunca dayanıqlılığını dəstəkləyəcək.

Qeyd olunur ki, Azərbaycanda "Basel III" sistemi inkişaf etməkdə davam edir. Tənzimləyici kapitalın yenidən nəzərdən keçirilmiş anlayışları beynəlxalq standartlara daha çox uyğunlaşdırılıb ki, bu da Azərbaycan banklarının kapital göstəricilərinin digər bazarların göstəriciləri ilə daha müqayisəolunan olmasına imkan verməlidir.

Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankının (AMB) 2025-ci ilin dekabrında 2024–2026-cı illər üzrə Maliyyə sektorunun inkişafı Strategiyası çərçivəsində etdiyi dəyişikliklər yeni tələblərə 2027-ci ilin yanvarından tam riayət olunmasını nəzərdə tutur.

Yeni qaydalara əsasən, birinci dərəcəli CET1 kapitalına minimal tələb risklə ölçülmüş aktivlərin (RWA) 4,5 faizi səviyyəsində müəyyən edilir, Tier 1 kapitalına minimal tələb isə 5 faizdən 6 faizə yüksəldilir. Məcmu kapitala minimal tələb əvvəlki 10 faizlə müqayisədə 8 faiz səviyyəsində müəyyən edilir.

AMB həmçinin 2025-ci ilin martından qüvvədə olan 0,5 faizlik kontrtsiklik buferə əlavə olaraq, 2,5 faizlik kapitalın qorunması buferi tətbiq edir. Nəticədə effektiv minimal tələblər CET1 üçün 7,5 faiz, Tier 1 üçün 9 faiz, məcmu kapital üçün isə 11 faiz təşkil edəcək”, – deyə agentliyin məlumatında bildirilir.

Qeyd olunur ki, sistem əhəmiyyətli banklar (D-SIB) üçün AMB hər bir bankın sistem əhəmiyyətindən asılı olaraq 1–4 faiz həcmində əlavə bufer tətbiq edəcək: “Bu bufer Tier 1 kapitalı üçün 1 faiz və məcmu kapital üçün 2 faiz həcmində mövcud sabit əlavələri əvəz edəcək”.

"Fitch"in qiymətləndirməsinə görə, bu, bank sisteminin sabitliyinə töhfə verəcək, lakin kapitalın planlaşdırılmasını çətinləşdirə və kreditləşmənin sürətlə artdığı dövrlərdə sistem əhəmiyyətli bankların kapitala tələbatının yüksəlməsinə səbəb ola bilər.

“Dəyişikliklər həmçinin CET1 əmsalının 5,125 faizlik həddən aşağı düşməsi halında silinmə və ya konvertasiya mexanizmləri də daxil olmaqla, zərərlərin udulması mexanizmlərinə malik əlavə birinci dərəcəli kapital (AT1) alətlərindən istifadənin hüquqi çərçivəsini müəyyən edir.

Bu, bankların maliyyələşmə cəlb etmək imkanlarını genişləndirir. Bununla belə, yerli AT1 alətləri bazarının hələ kifayət qədər inkişaf etmədiyini nəzərə alaraq, orta müddətli perspektivdə kapitala artan tələblərin yerinə yetirilməsinin əsas mənbələri olaraq adi səhmdar kapitalı və bölüşdürülməmiş mənfəətin qalacağı gözlənilir”, – deyə agentlik bildirir.

Bundan əlavə, tənzimləyici kapitaldan, xüsusilə CET1 kapitalından əlavə çıxılmaların tətbiqi hesabına kapitalın keyfiyyətinə dair tələblər sərtləşdirilir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti