Naxçıvan, Qarabağ və Şərqi Zəngəzur vahid inkişaf məkanına çevrilir - Azər Qarayev

Siyasət Materials 12 Avqust 2026 12:48 (UTC +04:00)
Naxçıvan, Qarabağ və Şərqi Zəngəzur vahid inkişaf məkanına çevrilir - Azər Qarayev
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı.Trend:

Prezident İlham Əliyevin Naxçıvana səfəri həm siyasi, həm iqtisadi, həm də strateji baxımdan mühüm əhəmiyyət daşıyır.

Bunu Trend-ə açıqlamasında politoloq Azər Qarayev deyib.

Onun sözlərinə görə, səfər çərçivəsində həyata keçirilən tədbirlər və Dövlət başçısının Azərbaycan Televiziyasına verdiyi müsahibə göstərir ki, Naxçıvanın inkişafında yeni mərhələ başlayır.

“Bu mərhələdə əsas diqqət təhlükəsizliklə yanaşı, iqtisadi inkişafın sürətləndirilməsinə, enerji və nəqliyyat imkanlarının genişləndirilməsinə, sənayenin inkişafına və Naxçıvanın regional mərkəzə çevrilməsinə yönəlib.”

A.Qarayev qeyd edib ki, Prezident İlham Əliyevin səfəri zamanı ən çox diqqət çəkən məsələlərdən biri Zəngəzur dəhlizi ilə bağlıdır.

“Bu layihə yalnız Azərbaycanı Naxçıvanla birləşdirən nəqliyyat xətti kimi deyil, daha geniş regional kommunikasiya sistemi kimi nəzərdə tutulur. Dəmir yolu və avtomobil yolu ilə yanaşı, elektrik və fiber-optik xətlərin də yaradılması bölgənin iqtisadi və strateji əhəmiyyətini artıracaq. Naxçıvan dəmir yolunun bərpası və onun gələcəkdə 15 milyon tona qədər yükdaşıma qabiliyyətinə çatdırılması planı isə muxtar respublikanın mühüm tranzit mərkəzinə çevrilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.”

Politoloq bildirib ki, enerji təhlükəsizliyi də səfərin əsas istiqamətlərindən biridir.

“Naxçıvanda 300 meqavat gücündə istilik elektrik stansiyasının təməlinin qoyulması, Günəş və su elektrik stansiyalarının yaradılması regionun enerji təminatını daha da gücləndirəcək. Prezident İlham Əliyevin açıqladığı kimi, Naxçıvanın Günəş enerjisi potensialı çox böyükdür və gələcəkdə burada 500, hətta 1000 meqavatadək elektrik enerjisi istehsal etmək imkanları ola bilər. Bu isə Naxçıvanın yalnız enerji istehlak edən deyil, gələcəkdə enerji ixrac edən bölgəyə çevrilməsinə şərait yarada bilər.
Sənaye Parkının yaradılması da səfərin mühüm nəticələrindəndir. Naxçıvan Sənaye Parkının fəaliyyətə başlaması yeni müəssisələrin yaradılmasına, investisiyaların cəlb olunmasına və yeni iş yerlərinin açılmasına imkan verəcək. Bununla yanaşı, xarici investorların Naxçıvanın enerji və digər iqtisadi layihələrinə maraq göstərməsi regionun investisiya imkanlarının artdığını göstərir.”

A. Qarayev bildirib ki, Naxçıvanın kənd təsərrüfatının inkişafı da diqqət mərkəzindədir.

“Suvarma sistemlərinin yenilənməsi, artezian quyularının qazılması və yeni suvarılan torpaqların istifadəyə verilməsi aqrar sektorun inkişafına təkan verə bilər. Bu tədbirlər həm kənd yerlərində məşğulluğun artmasına, həm də yerli istehsalın genişlənməsinə şərait yaradacaq.
Səfər çərçivəsində sosial və nəqliyyat infrastrukturunun inkişafı ilə bağlı da mühüm qərarlar açıqlanıb. Yeni elektrik avtobuslarının istifadəyə verilməsi, 217 müasir rayonlararası avtobusun alınması, təxminən 420 kilometr yolun tikintisi və əsaslı təmiri, uşaq bağçalarının tikintisi və təmiri əhalinin həyat şəraitinin yaxşılaşdırılmasına yönəlib. DOST və ASAN xidmətlərinin fəaliyyəti isə dövlət xidmətlərinin daha əlçatan və müasir formada göstərilməsinə xidmət edir.”

Politoloq vurğulayıb ki, Naxçıvanın zəngin tarixi və mədəni irsinin qorunması da səfərin mühüm istiqamətlərindən olub.

“Möminə Xatun məqbərəsinin bərpası, Əcəmi Naxçıvaniyə abidənin ucaldılması və digər tarixi abidələrin qorunması Naxçıvanın mədəni potensialının gələcək nəsillərə çatdırılması baxımından böyük əhəmiyyət daşıyır. Bu irs eyni zamanda turizmin inkişafı üçün mühüm imkan yaradır. Yeni hotel layihələrinin həyata keçirilməsi də Naxçıvanın turizm potensialından daha səmərəli istifadə olunmasına şərait yarada bilər.”

A. Qarayevin sözlərinə görə Prezident İlham Əliyevin səfərində Naxçıvanın Qarabağ və Şərqi Zəngəzurla vahid inkişaf konsepsiyası çərçivəsində inkişaf etdirilməsi də xüsusi vurğulanıb.

“Bu yanaşma həmin ərazilərdə infrastrukturun, yaşıl enerjinin, şəhərsalmanın və idarəetmənin əlaqələndirilməsini nəzərdə tutur. Zəngəzur dəhlizinin açılması isə bu bölgələr arasında iqtisadi və nəqliyyat əlaqələrinin daha da genişlənməsinə imkan verə bilər.
Ümumilikdə, Prezident İlham Əliyevin Naxçıvana səfəri göstərir ki, muxtar respublikanın gələcək inkişafı yalnız dövlət investisiyaları hesabına sosial layihələrin həyata keçirilməsi ilə məhdudlaşmır. Əsas məqsəd Naxçıvanı nəqliyyat, enerji, sənaye, kənd təsərrüfatı və turizm imkanlarından istifadə edən regional iqtisadi mərkəzə çevirməkdir. Zəngəzur dəhlizinin reallaşması isə bu strategiyanın əsas dayaqlarından biri ola bilər. Beləliklə, Naxçıvanın coğrafi mövqeyi gələcəkdə təcrid amilindən daha çox, onun strateji və iqtisadi üstünlüyünə çevriləcək.”

Xəbər lenti

Xəbər lenti