Naxçıvan tezliklə Azərbaycanın nəqliyyat və enerji strategiyalarının əsas mərkəzlərindən birinə çevriləcək

Siyasət Materials 13 Avqust 2026 12:13 (UTC +04:00)
Naxçıvan tezliklə Azərbaycanın nəqliyyat və enerji strategiyalarının əsas mərkəzlərindən birinə çevriləcək
Elvin Əhməd
Elvin Əhməd
Bütün xəbərlər

Bakı. Trend:

Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın avqustun 11-də Naxçıvan Muxtar Respublikasına etdikləri səfər respublikamızın siyasi-ictimai həyatının əlamətdar hadisələrindən biri kimi yadda qaldı. Səfər çərçivəsində keçirilən tədbirlər, təməlqoyma və açılış mərasimləri muxtar respublikanın inkişafına olan yüksək diqqət və qayğının təcəssümünə çevrildi. Eyni zamanda bu səfər, cənab Prezidentin Azərbaycan Televiziyasına müsahibəsində səsləndirdiyi fikirlər Naxçıvan Muxtar Respublikasının Azərbaycanın strateji-perspektiv inkişaf hədəflərindəki yerinə və roluna işıq saldı.

Naxçıvanın dövlətçilik tariximizdə xüsusi və özünəməxsus yeri var. Tarixdə bir sıra Azərbaycan dövlətləri bu coğrafiyada təşəkkül tapıb. Buradakı çoxsaylı abidələr qürurdoğuran tariximizin, milli kimliyimizin və zəngin keçmişimizin nişanələridir. Naxçıvan həm də böyük şəxsiyyətlərimizin dünyaya göz açdıqları yurd yerimizdir. Hüseyn Cavid, Cəlil Məmmədquluzadə, Yusif Məmmədəliyev, Məmməd Səid Ordubadi, Məmməd Araz kimi görkəmli söz və elm adamları Naxçıvanda doğulub, boya-başa çatıblar. Eyni zamanda, Prezident İlham Əliyevin Azərbaycan Televiziyasına müsahibəsində qeyd etdiyi kimi, Naxçıvan Azərbaycan xalqına dahi şəxsiyyət, Ulu Öndər Heydər Əliyevi bəxş edib. Bildiyimiz kimi, Ümummilli Lider Heydər Əliyevin siyasi fəaliyyətinin Naxçıvan mərhələsi Azərbaycanın dövlətçilik tarixinin şərəfli səhifələrini təşkil edir. Məhz Heydər Əliyevin qətiyyətli fəaliyyəti nəticəsində Ermənistanın Naxçıvanı işğal etmək planlarının qarşısı alınıb. Ulu Öndər bu diyarın etibarlı müdafiəsini təmin edib, blokadanın yaratdığı çətinliklərin azaldılması üçün tədbirlər həyata keçirib. Ulu Öndər Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi dövrdə isə Naxçıvanın iqtisadi və sosial həyatında mühüm keyfiyyət dəyişiklikləri baş verib.

Bu gün isə Naxçıvanın inkişafı, ölkənin iqtisadi proseslərinə inteqrasiyası, o cümlədən təhlükəsizliyi Prezident İlham Əliyevin xüsusi diqqət mərkəzindədir. Bunun əsas səbəblərindən biri Naxçıvanın coğrafi baxımdan Azərbaycanın əsas hissəsindən ayrı düşməsidir ki, bu da inkişaf və təhlükəsizlik kimi məsələlərdə xüsusi yanaşma tələb edir. Prezident İlham Əliyevin Naxçıvana indiyə qədər 17 dəfə səfər etməsi də Naxçıvanın inkişafına və təhlükəsizliyinə göstərilən xüsusi diqqətin təzahürü sayıla bilər. Dövlətimizin başçısının hər səfəri muxtar respublikanın həyatında böyük iz buraxıb, inkişafına mühüm töhfələr verib. Məsələn, hazırda Naxçıvanda qazlaşdırmanın səviyyəsi 100 faizdir. Ümumilikdə isə muxtar respublikanın enerji təhlükəsizliyi tam təmin olunub. Prezident İlham Əliyevin təsdiq etdiyi “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın icrası çərçivəsindəəldə olunan nəticələr, ümumdaxili məhsulun artması, sənaye istehsalının çoxalması muxtar respublikanın inkişafının davamlı olduğunu göstərir.

Avqustun 11-də Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın Naxçıvanda Sənaye Parkının, “Naxçıvan” Mehmanxana Kompleksinin, 518 mənzildən ibarət sosial evlər kompleksinin təməlqoyma mərasimlərində, DOST Agentliyinin Naxçıvan Regional DOST Mərkəzinin və memar Əcəmi Naxçıvaninin abidəsinin açılışlarında iştirak etmələri, Möminə xatun türbəsinin bərpa və konservasiyası, “Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş Planı”, hazırda tikintisi aparılan “Şəms 1” və “Qərbi Üfüq” Günəş Elektrik stansiyaları, o cümlədən dəmir yolu infrastrukturunda aparılan yenidənqurma işləri ilə tanış olmaları göstərdi ki, muxtar respublikanın inkişafı ilə bağlı həyata keçirilən tədbirlər kompleks məzmun daşıyır. Başqa sözlə, Naxçıvanda həm iqtisadi, həm sosial məsələlər, həm turizm imkanlarından səmərəli istifadə olunması, həm də tarixi irsin qorunması diqqət mərkəzindədir. Görülən işlər, həyata keçirilən layihələr muxtar respublikanın yüksəlişi ilə bağlı dövlət siyasətinin sistemli və ardıcıl olduğunu nümayiş etdirir. Əlahiddə Ümumqoşun Orduda komando hərbi hissələrinin yaradılması isə ondan xəbər verir ki, muxtar respublikanın təhlükəsizliyi hər zaman prioritetdir.

Prezident İlham Əliyevin avqustun 12-də imzaladığı “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” sərəncamına əsasən bir sıra layihələrin maliyyələşdirilməsi məqsədilə 258 milyon manatın ayrılması Naxçıvanın inkişafı ilə bağlı qarşıda duran vəzifələrin daha sürətlə və keyfiyyətlə yerinə yetirilməsini təmin edəcək. Sərəncamda qeyd olunan layihələrin icrasının başa çatdırılması muxtar respublikanın iqtisadi və sosial yüksəlişinə yeni töhfələr verəcək.

Prezident İlham Əliyev Naxçıvana səfəri çərçivəsində Azərbaycan Televiziyasına müsahibəsində bu məsələlər barədə ətraflı söz açdı. Dövlətimizin başçısının səsləndirdiyi fikirlər Naxçıvanın Azərbaycanın gələcək inkişaf hədəflərində və strateji məqsədlərində yaxın zamanlarda mühüm paya sahib olacağını göstərir.

Məlum olduğu kimi hazırda Azərbaycanın əsas milli prioritetlərindən biri Zəngəzur (TRIPP) dəhlizinin həyata vəsiqə almasıdır. Əlbəttə, bu məsələdə dövlətimizin ümdə milli marağı Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında nəqliyyat əlaqəsinin yaradılmasıdır. Prezident İlham Əliyev müsahibədə bununla bağlı deyib:

“Zəngəzur dəhlizinin yaradılması bildiyiniz kimi, bizim təşəbbüsümüz olub. Azərbaycanın əsas hissəsini onun ayrılmaz hissəsi olan Naxçıvanla birləşdirmək bizim çoxdankı arzumuz olub. Biz bu hədəfə doğru inamla və çox böyük məharətlə addımlayırdıq, yaxınlaşırdıq və artıq yaxınlaşmışıq”.

Bəli, Azərbaycan dövləti bu milli hədəfinə doğru qətiyyətlə irəliləyir. Artıq respublikamızın ərazisində Zəngəzur dəhlizinin infrastrukturu ilə bağlı işlər başa çatmaq mərhələsindədir. Bu nəqliyyat dəhlizi Azərbaycanın dünyaya açılan yeni qapısı olacaq və onun işə salınması Azərbaycanın tranzit imkanlar baxımından mövqelərini daha da möhkəmləndirəcək, o cümlədən muxtar respublikanın inkişafının sürətləndirilməsinə böyük təsir göstərəcək. Zəngəzur dəhlizinin tikintisi nəticəsində həm də Naxçıvan ərazisində Azərbaycanın yeni nəqliyyat arteriyası formalaşacaq. Prezident İlham Əliyevin təbirincə desək, Naxçıvan əvəzolunmaz nəqliyyat mərkəzlərindən birinə çevriləcək.

Naxçıvan Muxtar Respublikasının Azərbaycanın strateji hədəflərindəki digər yeri elektrik enerjisinin ixracı ilə bağlı olacaq. Ümumiyyətlə, Naxçıvanda bərpaolunan, xüsusən Günəş enerjisi potensialı çox böyükdür. Bu bölgənin “yaşıl enerji” zonası elan edilməsi də bundan irəli gəlir. Hazırda Naxçıvanın generasiya gücü təqribən 200 meqavatdır ki, bu da muxtar respublikanın hazırkı tələbatından çoxdur. Yeni inşa edilən elektrik stansiyaları isə Naxçıvanın generasiya gücünü daha da artıracaq ki, bu da ixrac üçün geniş imkanlar yaradacaq. Həmçinin Zəngəzur dəhlizinin yaradılması Naxçıvan vasitəsilə Azərbaycanın elektrik enerjisinin ixracı imkanlarını artıracaq. Ölkə başçısının Naxçıvanda Birinci mərhələdə ən azı 100 meqavatlıq batareya saxlanc qurğusunun qurulması barədə göstəriş verməsi də bu strateji məqsədin həyata keçməsinə xidmət edir.

Dövlətimizin başçısının Naxçıvana səfəri respublikamızın bu bölgəsinin ardıcıl və hərtərəfli inkişaf yolunda olduğunu nümayiş etdirdi. Cənab Prezidentin səfər çərçivəsində verdiyi müsahibədə toxunduğu məsələlər isə muxtar respublikanın iqtisadi və tranzit imkanlarının, habelə, qarşıdakı dövrdə Azərbaycanın inkişafında oynayacağı mühüm rolun təqdimatı idi. Bu fonda görünən odur ki, Naxçıvan tezliklə Azərbaycanın nəqliyyat və enerji strategiyalarının əsas mərkəzlərindən birinə çevriləcək. Bu baxımdan Prezident İlham Əliyevin müsahibəsini torpaqlarımızın işğaldan azad edilməsindən sonra yaranan yeni reallıqlar müstəvisində Naxçıvanın yüksəlişinin yeni yol xəritəsi də adlandırmaq olar.

Xanlar Fətiyev,
Milli Məclisin deputatı

Məqalədə:

Xəbər lenti

Xəbər lenti