Naxçıvan yeni inkişaf mərhələsinə qədəm qoyur - RƏY

Siyasət Materials 12 Avqust 2026 14:11 (UTC +04:00)
Naxçıvan yeni inkişaf mərhələsinə qədəm qoyur - RƏY
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı.Trend:

Azərbaycan Prezidenti İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına son səfəri bir daha göstərdi ki, Naxçıvan dövlət siyasətində xüsusi strateji əhəmiyyət daşıyan bölgələrdən biridir.

Bunu Milli Məclisin deputatı Afət Həsənova deyib.

Deputat bildirib ki, səfər çərçivəsində müxtəlif sosial və infrastruktur layihələri ilə tanışlıq, yeni obyektlərin təməlqoyma mərasimlərinin keçirilməsi və dövlət başçısının Azərbaycan Televiziyasına müsahibəsində səsləndirdiyi fikirlər Naxçıvanın gələcək inkişaf perspektivləri barədə kifayət qədər aydın təsəvvür yaradır:

“Naxçıvanda aparılan işlərin əsas məqsədi bölgənin sosial-iqtisadi potensialını daha da gücləndirmək, müasir infrastruktur formalaşdırmaq və Naxçıvanı Azərbaycanın ümumi iqtisadi inkişaf proseslərinə daha sıx inteqrasiya etməkdir.
Cənab Prezident İlham Əliyevin səfər zamanı verdiyi mesajlarda xüsusilə diqqətçəkən məqamlardan biri Naxçıvanın gələcəkdə nəqliyyat imkanları ilə bağlıdır. Dövlət başçısı Azərbaycan Televiziyasına müsahibəsində Zəngəzur dəhlizindən keçəcək yük həcminin Naxçıvanda iqtisadi canlanmanı sürətləndirəcəyini bildirib. Söhbət 15 milyon ton və daha çox yükdən gedir. Bu isə yeni iş yerlərinin yaradılması, iqtisadi fəallığın yüksəlməsi və Naxçıvanın əvəzolunmaz nəqliyyat mərkəzlərindən birinə çevrilməsi üçün ciddi imkanlar yaradır.

Bu baxımdan Zəngəzur dəhlizinin əhəmiyyətini yalnız Azərbaycan ərazisinin iki hissəsini birləşdirən nəqliyyat layihəsi kimi qiymətləndirmək olmaz. Bu layihə Naxçıvanın coğrafi mövqeyini iqtisadi üstünlüyə çevirmək üçün tarixi imkan yaradır. Naxçıvan Azərbaycanın əsas hissəsi ilə birbaşa nəqliyyat bağlantısına malik olmaqla yanaşı, Şərq-Qərb istiqamətində beynəlxalq yükdaşımaların mühüm marşrutlarından birinə çevrilə bilər.

Cənab Prezident İlham Əliyev daha əvvəl də Zəngəzur dəhlizinin həm Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirəcəyini, həm də Orta Dəhlizin əsas seqmentlərindən birinə çevriləcəyini vurğulayıb. Bu yanaşma Naxçıvanın gələcək rolunun təkcə ölkədaxili deyil, regional və beynəlxalq miqyasda güclənəcəyini göstərir.

Naxçıvanın inkişafı baxımından mühüm məqam ondan ibarətdir ki, bu gün burada həyata keçirilən layihələr bir-birindən ayrı tədbirlər deyil, kompleks inkişaf siyasətinin tərkib hissəsidir. İnfrastrukturun yenilənməsi, yol və nəqliyyat imkanlarının genişləndirilməsi, enerji layihələrinin həyata keçirilməsi, sosial obyektlərin tikintisi və şəhərsalma işləri Naxçıvanın gələcək iqtisadi potensialına hesablanıb.

Bu istiqamətdə cənab Prezident İlham Əliyevin imzaladığı yeni Sərəncam xüsusi əhəmiyyət daşıyır. Sənədə əsasən, Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədilə 258 milyon manat vəsait ayrılıb. Vəsaitin 2026–2027-ci illərdə alternativ və bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi, yol və nəqliyyat infrastrukturunun yenilənməsi, təhsil infrastrukturu, abadlıq-quruculuq işləri və digər layihələrin maliyyələşdirilməsinə yönəldilməsi nəzərdə tutulur.

Sərəncamda Naxçıvan Dövlət Universitetində 1000 yerlik yataqxana kompleksinin tikintisi üçün 25 milyon manat ayrılması da diqqət çəkir. Bu, inkişafın yalnız fiziki infrastrukturla məhdudlaşmadığını, insan kapitalının formalaşdırılmasının da prioritet olaraq nəzərdə tutulduğunu göstərir”.

Deputat bildirib ki, Prezidentin Naxçıvana səfəri zamanı sosial evlər kompleksinin təməlinin qoyulması da sosial siyasətin davamlı xarakter daşıdığını göstərir: “518 mənzildən ibarət kompleksin yaradılması əhalinin sosial rifahının yüksəldilməsi istiqamətində atılan mühüm addımlardan biridir.
Naxçıvanın qarşısında duran ən böyük imkanlardan biri isə onun Qarabağ və Şərqi Zəngəzurla vahid inkişaf məkanı kimi nəzərdən keçirilməsidir. Cənab Prezident İlham Əliyev daha əvvəl bu üç bölgənin iqtisadi, sosial, yaşıl enerji və təhlükəsizlik baxımından vahid böyük məkana çevrilməsinin vacibliyini qeyd edib.
Bu baxış Naxçıvan üçün yeni iqtisadi perspektivlər açır. Zəngəzur dəhlizinin istifadəyə verilməsi ilə Naxçıvanın tranzit imkanları genişlənəcək, logistika, ticarət, xidmət, turizm və digər sahələrdə yeni biznes imkanları yaranacaq. Ən mühüm məsələlərdən biri isə bu prosesin yeni məşğulluq imkanları yaratmasıdır.
Hesab edirəm ki, cənab Prezident İlham Əliyevin Naxçıvana səfərinin əsas mesajlarından biri budur: Naxçıvanın inkişafı artıq yalnız mövcud problemlərin həlli kimi deyil, gələcəyin regional iqtisadi və nəqliyyat imkanlarının formalaşdırılması kimi qiymətləndirilir.

Bu baxımdan 258 milyon manatlıq yeni maliyyə dəstəyi də xüsusi əhəmiyyət daşıyır. Çünki bu vəsait Naxçıvanın bugünkü ehtiyaclarının qarşılanması ilə yanaşı, bölgənin gələcək inkişafına xidmət edəcək infrastrukturun yaradılmasına yönəldilir.

Əminəm ki, həyata keçirilən layihələr, Zəngəzur dəhlizinin reallaşması və Naxçıvanın Azərbaycanla, region ölkələri ilə və daha geniş beynəlxalq nəqliyyat şəbəkəsi ilə bağlantılarının güclənməsi nəticəsində muxtar respublikanın iqtisadi potensialı daha da artacaq. Naxçıvanın gələcəkdə Azərbaycanın və bütövlükdə regionun mühüm nəqliyyat-logistika mərkəzlərindən birinə çevrilməsi real perspektivdir.

Bu proses həm Naxçıvanın sosial-iqtisadi inkişafına, həm də Azərbaycanın regional iqtisadi və geosiyasi mövqeyinin daha da güclənməsinə mühüm töhfə verəcək”.

Xəbər lenti

Xəbər lenti