Bakı. Trend:
Azərbaycan Prezidenti İlham Əliyevin Naxçıvana səfəri muxtar respublikanın gələcək inkişaf perspektivləri baxımından mühüm mesajlarla yadda qaldı. Səfər çərçivəsində bir sıra yeni layihələrin təməli qoyuldu, mühüm infrastruktur obyektləri təqdim edildi. Prezidentin Azərbaycan Televiziyasına müsahibəsi isə Naxçıvanın qarşıdakı dövrdə inkişafının əsas istiqamətlərinə dair geniş təsəvvür yaratdı.
Bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Sevil Mikayılova deyib.
S.Mikayılovanın sözlərinə görə, Naxçıvan üçün yeni mərhələnin əsas hədəfi yalnız mövcud sosial-iqtisadi inkişafın davam etdirilməsi deyil. Qarşıdakı dövrdə muxtar respublikanın sənaye, enerji, nəqliyyat və logistika imkanlarının daha da genişləndirilməsi nəzərdə tutulur.
"Naxçıvanın xüsusi coğrafi mövqeyi onun təhlükəsizlik məsələlərinə daim diqqət yetirilməsini tələb edir. Prezident İlham Əliyev müsahibəsində Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun və hərbi potensialın bundan sonra da gücləndiriləcəyini bildirib. Bu məsələ təsadüfi deyil. Çünki Naxçıvanın iqtisadi və nəqliyyat potensialının reallaşdırılması üçün ilk növbədə sabitlik və təhlükəsizlik təmin olunmalıdır. Bu baxımdan təhlükəsizliklə iqtisadi inkişaf bir-birini tamamlayan istiqamətlər kimi çıxış edir.
Səfər zamanı Naxçıvan Sənaye Parkının təməlinin qoyulması xüsusi əhəmiyyət daşıyır. Prezidentin sözlərinə görə, ərazi baxımından bu park Azərbaycanda Sumqayıt Sənaye Parkından sonra ikinci böyük sənaye parkı olacaq. Sənaye Parkının yaradılması Naxçıvanda istehsal imkanlarının genişləndirilməsi, yeni iş yerlərinin açılması və investisiyaların cəlb olunması baxımından mühüm perspektivlər yaradır. Bu layihə həm də muxtar respublikanın iqtisadiyyatında sənayenin payının artırılması istiqamətində daha sistemli siyasətin həyata keçirildiyini göstərir".
Deputat bildirib ki, Naxçıvanın gələcək inkişafında enerji sektoru da xüsusi yer tutur. Muxtar respublikada 300 meqavat gücündə istilik elektrik stansiyasının tikintisinə başlanılıb. Bu layihə Naxçıvanın enerji təminatının daha da gücləndirilməsi ilə yanaşı, gələcəkdə elektrik enerjisinin ixracına imkan yaradacaq.
"Bununla yanaşı, Günəş və su elektrik stansiyalarının yaradılması istiqamətində də işlər aparılır. Naxçıvanın Günəş enerjisi üçün əlverişli coğrafi imkanları muxtar respublikanı gələcəkdə Azərbaycanın yaşıl enerji xəritəsində mühüm mərkəzlərdən birinə çevirə bilər. Burada diqqət çəkən əsas məqam enerji təhlükəsizliyindən enerji ixracına keçid perspektividir. Prezidentin açıqlamalarına görə, gələcəkdə Naxçıvanda istehsal edilən elektrik enerjisinin Türkiyə, İran və daha sonra Avropa istiqamətində ixrac imkanları nəzərdən keçirilir.
Naxçıvanın gələcək inkişafına ən böyük təsir göstərə biləcək layihələrdən biri Zəngəzur dəhlizidir. Prezident İlham Əliyev müsahibəsində Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirəcək nəqliyyat bağlantısının strateji əhəmiyyətini bir daha vurğulayıb. 2025-ci il avqustun 8-də Vaşinqtonda əldə edilmiş razılaşmadan sonra TRIPP layihəsinin praktiki icrasına başlanıldığını bildirən dövlət başçısı layihənin sürətlə həyata keçirilməsi üçün siyasi iradənin olduğunu qeyd edib. Azərbaycan öz ərazisində dəhlizin yaradılması istiqamətində işləri sürətləndirir. Horadiz–Ağbənd avtomobil yolunda tikinti işləri yekunlaşmaq üzrədir, dəmir yolu layihəsi üzrə də işlər davam edir. Məqsəd gələcəkdə Naxçıvanı Azərbaycanın əsas hissəsi ilə birbaşa nəqliyyat bağlantısına qovuşdurmaqdır.
Bu layihənin əhəmiyyəti yalnız Azərbaycan daxilində bağlantının təmin edilməsi ilə məhdudlaşmır. Naxçıvanın Türkiyə və İran istiqamətində mövcud əlaqələri nəzərə alınmaqla yeni dəhliz regionun nəqliyyat xəritəsində ciddi dəyişiklik yarada bilər.
Prezident İlham Əliyevin açıqlamalarında Zəngəzur dəhlizinin böyük yükdaşıma potensialına malik olacağı xüsusi vurğulanıb. Mövcud imkanların genişləndirilməsi nəticəsində dəmir yolu ilə yükdaşımanın 15 milyon tona qədər artırılması hədəflənir. Bu isə Naxçıvan üçün tamamilə yeni iqtisadi imkanlar deməkdir. Yük axınının artması logistika, xidmət, ticarət və digər sahələrin inkişafına təkan verə bilər. Üstəlik, TRIPP yalnız avtomobil və dəmir yolundan ibarət olmayacaq. Layihə çərçivəsində fiber-optik kabellərin, elektrik xətlərinin və gələcəkdə digər kommunikasiya xətlərinin yaradılması da nəzərdə tutulur. Beləliklə, söhbət sadəcə nəqliyyat marşrutundan deyil, çoxşaxəli regional bağlantı sistemindən gedir".
S.Mikayılovanın sözlərinə görə, Prezidentin müsahibəsində Naxçıvanın Qarabağ və Şərqi Zəngəzurla vahid inkişaf konsepsiyası əsasında nəzərdən keçirilməsi də diqqət çəkən məqam oldu.
"Dövlət başçısı Zəngilanla Ordubad arasındakı məsafənin cəmi 42 kilometr olduğunu xatırladaraq bu ərazilərin faktiki olaraq vahid məkan təşkil etdiyini bildirib. Qarabağ və Şərqi Zəngəzurda tətbiq edilən idarəetmə modelinin Naxçıvanda da həyata keçirilməsi regionun inkişafının sürətləndirilməsi məqsədi daşıyır. Bu yanaşma Naxçıvanın Azərbaycanın ümumi iqtisadi və infrastruktur sisteminə daha sıx inteqrasiyasına xidmət edə bilər.
Prezident İlham Əliyevin Naxçıvan səfəri və müsahibəsində səsləndirdiyi fikirlər göstərir ki, muxtar respublikanın inkişafında yeni mərhələ başlayır. Sənaye Parkı, yeni enerji generasiya gücləri, bərpaolunan enerji layihələri, yol və dəmir yolu infrastrukturu, kənd təsərrüfatının inkişafı və sosial layihələr bu strategiyanın əsas elementləridir. Lakin bütün bu istiqamətləri bir-biri ilə əlaqələndirən əsas amil Zəngəzur dəhlizidir. Dəhlizin reallaşması Naxçıvanın Azərbaycanın əsas hissəsi ilə fiziki bağlantısını təmin etməklə yanaşı, onun Türkiyə, İran, Mərkəzi Asiya və Avropa ilə əlaqələrini də yeni mərhələyə çıxara bilər.
Bu baxımdan Naxçıvanın qarşıdakı illərdə yalnız Azərbaycanın ayrılmaz hissəsi kimi deyil, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat bağlantılarının mühüm qovşaqlarından biri kimi regional əhəmiyyətinin daha da artması gözlənilir. Prezidentin səfəri zamanı verilən mesajlar da göstərir ki, bu perspektiv artıq uzaq gələcəyin planı deyil, mərhələli şəkildə həyata keçirilən dövlət strategiyasının tərkib hissəsidir".
