Bakı. Trend:
Yaponiyanın “Toyota” avtomobil konserninin keçmiş rəhbəri Hiroşi Okuda 94 yaşında vəfat edib.
Bu barədə “Kyodo News” agentliyi “Toyota Motor Corporation”un rəsmi açıqlamasına istinadən məlumat yayıb.
Okuda 1995-2006-cı illərdə “Toyota”ya rəhbərlik edib və təxminən 30 il ərzində şirkətin qurucu ailəsinə mənsub olmayan ilk rəhbəri olub. O, yenin möhkəmlənməsinin ixraca mənfi təsir göstərdiyi çətin bir dövrdə konsernə rəhbərlik etməyə başlayıb.
Yaponiyadan asılılığı azaltmaq məqsədilə Okuda ABŞ-də, Avropada və Asiyada zavodların tikintisinə üstünlük verib. Bu strategiya istehsalın iki dəfə artmasına və “Toyota”nın milli brenddən qlobal oyunçuya çevrilməsinə imkan verib.
Onun rəhbərliyi dövründə şirkətin dünya üzrə satışları təxminən 70 faiz artıb. 2009-cu ildə isə “Toyota” “General Motors”u geridə qoyaraq dünyanın ən böyük avtomobil istehsalçısına çevrilib.
