Bakı. Trend:
Bu ilin ikinci Günəş tutulması başa çatıb.
Bakı Dövlət Universitetinin Astrofizika kafedrasından verilən məlumata görə bu, tam Günəş tutulmasıdır.
Tutulma hadisəsi təxminən 4 saat 24 dəqiqə davam edib. Tutulmanın maksimumu saat 21:46-ya təsadüf edib. Mərkəzi tutulma saat 20:57-də başlayıb və saat 22:30-da başa çatıb.
Tam tutulma maksimum 2 dəqiqə 18 saniyə davam edib.
Günəş tutulması hadisəsi Azərbaycan ərazisindən müşahidə olunmayıb.
Qeyd edək ki, tutulma hadisəsi NASA-nın "X" sosial şəbəkə hesabında canlı yayımlanıb.
xxx
12 avqust, 20:15
Bu ilin ikinci və sonuncu Günəş tutulması başlayıb.
Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından verilən məlumata görə, Günəş tutulması Bakı vaxtı ilə saat 19:34-də başlayıb və 23:57-də başa çatacaq.
Tutulmanın maksimum fazası saat 21:46-da qeydə alınacaq. Ümumilikdə təxminən 5 saat davam edəcək hadisə zamanı Günəş diskinin tam örtülməsi təqribən 7 dəqiqə çəkəcək.
Məlumata görə, tam Günəş tutulması bir sıra ölkələrdən müşahidə ediləcək. Tutulmanın tam fazası İslandiya, İspaniya, Portuqaliyanın şimal-qərbi, Qrenlandiya və Atlantik okeanının şimal hissəsindən keçən zolaqda müşahidə olunacaq. Qismən Günəş tutulması isə Avropanın böyük hissəsində, Şimali Amerikanın bəzi bölgələrində, Sakit okeanın bir hissəsində və Afrikanın şimal-qərbində görünəcək.
Azərbaycandan isə bu tutulmanı müşahidə etmək mümkün olmayacaq. Ölkəmizdən müşahidə edilən son Günəş tutulması 25 oktyabr 2022-ci ildə baş verən qismən Günəş tutulması olub. Azərbaycandan növbəti müşahidə edilə biləcək tutulma 2 avqust 2027-ci ildə baş verəcək. Həmin hadisə tam Günəş tutulması olacaq, lakin Azərbaycan tam kölgə zolağından kənarda qalacağı üçün ölkə ərazisindən yalnız qismən tutulma fazasını izləmək mümkün olacaq.
