Bakı. Trend:
Romaya yaxın Kolferro şəhərində yerləşən “Knds Ammo Italy” sursat zavodunda yanğın, ardınca isə güclü partlayış baş verib. Hadisə nəticəsində xəsarət alan olmayıb.
Bu barədə İtaliyanın ANSA xəbər agentliyi məlumat yayıb.
Bildirilib ki, partlayış zavodun barıtın preslənməsi bölməsində baş verib. Hadisə zamanı zavodda təxminən 20 əməkdaş olub və onların hamısının vəziyyətinin yaxşı olduğu bildirilir.
Yanğınsöndürənlər ərazinin təhlükəsizliyinin təmin edilməsi istiqamətində işləri davam etdirirlər. Hadisə yerində aidiyyəti qurumların əməkdaşları araşdırma aparırlar.
Velletri Prokurorluğu hadisə ilə bağlı yanğın törətmə ehtimalı üzrə araşdırma aparır.
Qeyd edək ki, “Knds Ammo Italy” orta və iriçaplı sursat, həmçinin aerokosmik daşıyıcılar üçün bərk yanacaq istehsal edir.
Zavodda 2007-ci ilin oktyabrında da güclü partlayış baş verib. Həmin vaxt müəssisə “Simmel Difesa” şirkətinə məxsus olub. Hadisə nəticəsində bir nəfər ölüb, 13 fəhlə yaralanıb.
