Bakı. Trend:
Zəlzələnin episentri yerli vaxtla saat 05:58-də Flores adasının sahilləri yaxınlığında, nisbətən dayaz dərinlikdə qeydə alınıb.
ABŞ Geoloji Xidmətinin (USGS) məlumatına görə, şənbə günü səhər İndoneziyanın şərqində 7,7 maqnitudalı güclü zəlzələ baş verib. USGS-in bildirdiyinə görə, yerli vaxtla saat 05:58-də (Paris vaxtı ilə 23:58) Flores adasının sahilləri yaxınlığında, dayaz dərinlikdə baş verən zəlzələnin episentri Şərqi Nusa Tenqara əyalətində yerləşən Ende şəhərindən 68 kilometr məsafədə olub.
Geniş İndoneziya arxipelaqı “Sakit okeanın odlu halqası” üzərində yerləşdiyinə görə burada tez-tez seysmik və vulkanik aktivlik müşahidə olunur.
İyulun əvvəlində arxipelaqın şərqində 6,2 maqnitudalı zəlzələ baş vermiş, hadisə nəticəsində ölən və ciddi dağıntıya məruz qalan olmamışdı.
2018-ci ildə isə təxminən 400 min əhalisi olan və Mərkəzi Sulavesi əyalətinin paytaxtı Palu şəhərində 7,5 maqnitudalı zəlzələ baş vermiş, ardınca sunami qeydə alınmışdı. Həmin təbii fəlakət nəticəsində 2 200 nəfər həlak olmuşdu.
