Bakı. Trend:
“Cib Kapital İnvestisiya Şirkəti” QSC nizamnamə kapitalının azaldılması barədə elan verib.
Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetində məlumat dərc olunub.
Məlumata görə, şirkətin nizamnamə kapitalı 500 min manatdan 190 min manatadək azaldılıb. Beləliklə, kapitalın həcmi 310 min manat və ya 62 faiz azaldılıb.
Qeyd edək ki, “Cib Kapital İnvestisiya Şirkəti” QSC 2026-cı ilin yanvarında dövlət qeydiyyatına alınıb. Şirkətin qanuni təmsilçisi Gündüz Maxsud oğlu Gözəlovdur.
İnvestisiya şirkəti investisiya şirkəti fəaliyyəti üçün lisenziyaya malik olan və fəaliyyətinin müstəsna predmeti “Qiymətli kağızlar bazarı haqqında” Qanunun 30.3-cü və 30.4-cü maddələri ilə müəyyən edilmiş əsas və yardımçı investisiya xidmətlərinin göstərilməsi olan səhmdar cəmiyyəti formasında yaradılan hüquqi şəxsdir.
İnvestisiya şirkətlərinin əsas xidmətlərinə qiymətli kağızlar və törəmə maliyyə alətləri ilə bağlı müştəri sifarişlərinin qəbul və icrası, fərdi investorların portfelinin idarə edilməsi, investisiya məsləhətlərinin verilməsi, qiymətli kağızların yerləşdirilməsi və anderraytinqi, öz hesabına qiymətli kağızlarla əməliyyatların aparılması və marja ticarəti daxildir.
Yardımçı xidmətlərə isə müştərilərin qiymətli kağızlar hesablarının idarə edilməsi, investorlara kredit və digər formada borc verilməsi, investisiya tədqiqatı və maliyyə təhlilinin aparılması, təmin edilmiş istiqrazlar üzrə təminatın sərəncamçısı xidmətlərinin göstərilməsi və xarici valyuta mübadiləsi daxildir.
Hazırda Azərbaycanda fəaliyyət göstərən investisiya şirkətləri arasında “CFI Financial İnvestisiya Şirkəti” QSC, “Unicapital İnvestisiya Şirkəti” ASC, “İnvest-Az İnvestisiya Şirkəti” QSC, “Paşa Kapital İnvestisiya Şirkəti” QSC, “İnno Kapital İnvestisiya Şirkəti” ASC, “Xalq Kapital İnvestisiya Şirkəti” QSC, “Assist Finance İnvestisiya Şirkəti” ASC, “ABB-İnvest İnvestisiya Şirkəti” QSC, “MFX-Trading İnvestisiya Şirkəti” ASC, “CPM-İnvest İnvestisiya Şirkəti” ASC, “Troni İnvestisiya Şirkəti” QSC və “Capital Partners İnvestisiya Şirkəti” QSC də yer alır.
