Samux. Trend:
Samux rayonunun Alıuşağı kəndində qarayara xəstəliyinin yayılmasının qarşısının alınması məqsədilə nəzarət və profilaktik tədbirlər davam etdirilir.
Trend-in yerli müxbirinin məlumatına görə, kəndin girişində nəzarət postu yaradılıb.
Rayon Baytarlıq İdarəsinin əməkdaşları tərəfindən kəndə daxil olan və çıxan təsərrüfat və digər nəqliyyat vasitələrinin dezinfeksiyası həyata keçirilir. Kənddə avtomobillərin hərəkəti tam açıqdır.
Nəzarət postlarında əsasən ət, ət və süd məhsullarının daşınmasına nəzarət edilir. Həmçinin kənddə yerləşən iri təsərrüfatlarda dezbaryerlər yaradılıb.
Yoluxma hallarının qarşısının alınması məqsədilə kənd təsərrüfatı heyvanları arasında təkrar monitorinq tədbirləri keçirilir.
Qeyd edək ki, daha əvvəl Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində fəaliyyət göstərən Abbas Səhhət adına xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinə qarayara infeksiyasına şübhə ilə 11 nəfər yerləşdirilib. Onların əksəriyyətinin Samux rayonunun Alıuşağı kənd sakinləri olduğu bildirilib.
Səhiyyə Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin birgə məlumatına görə, xəstəliyə şübhəli ilk şəxsdən götürülmüş nümunələrin laborator müayinəsi nəticəsində qarayara diaqnozu təsdiqlənib.
