Altı ayda Azərbaycan İtaliyaya təbii qaz ixracından 2 milyard dollar gəlir əldə edib

Energetika Materials 14 Avqust 2026 17:40 (UTC +04:00)
Altı ayda Azərbaycan İtaliyaya təbii qaz ixracından 2 milyard dollar gəlir əldə edib
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-iyun aylarında Azərbaycan İtaliyaya 1,964 milyard dollar dəyərində 4,200 milyard kubmetr təbii qaz ixrac edib.

Bu barədə Dövlət Statistika Komitəsinin hesabatında bildirilib.

Komitənin məlumatı əsasında aparılan hesablamaya görə, ötən ilin eyni dövrü ilə müqayisədə Azərbaycandan İtaliyaya təbii qaz ixracı dəyər baxımından 401,4 milyon dollar və ya 17%, həcm baxımından isə 413,8 milyon kubmetr və ya 9% azalıb.

Ümumilikdə isə 2026-cı ilin yanvar-iyun aylarında Azərbaycandan 8 ölkəyə 4,105 milyard ABŞ dolları dəyərində 12,431 milyard kubmetr təbii qaz (qaz halında) ixrac edilib. Bu, keçən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 436,466 milyon ABŞ dolları və ya 9,6% az, həcm baxımından isə 65,848 milyon kubmetr və ya 0,5% çoxdur.

Bundan başqa, 2026-cı ilin ilk altı ayında Azərbaycan cəmisi bir ölkədən – İran İslam Respublikasından 13,001 milyon ABŞ dolları dəyərində 193,187 milyon kubmetr təbii qaz (qaz halında) idxal edib. Ötən ilin eyni dövründə isə Azərbaycan iki ölkədən – Rusiya və Türkmənistandan 31,980 milyon ABŞ dolları dəyərində 208,246 milyon kubmetr təbii qaz idxal etmişdi. Beləliklə, Azərbaycana təbii qaz idxalı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 18,979 milyon ABŞ dolları və ya 59,3%, həcm baxımından isə 12,059 milyon kubmetr və yaxud 5,9% azalıb.

Azərbaycan son illər Avropada qaz ixracının coğrafiyasını ardıcıl şəkildə genişləndirir. 2026-cı ilin yanvar ayından etibarən SOCAR Cənub Qaz Dəhlizinin Avropa seqmenti olan Trans-Adriatik Qaz Boru Kəməri (TAP) vasitəsilə nəql edilən Azərbaycan qazının Avstriya və Almaniyaya tədarükünə başlayıb. Bununla da Azərbaycan qazını idxal edən ölkələrin sayı 16-ya çatıb.

SOCAR-ın Trend-ə verdiyi məlumata görə, İtaliya üzərindən Avstriya və Almaniyaya həyata keçirilən qaz tədarükü Azərbaycanın Avropadakı enerji tərəfdaşlığının coğrafiyasını daha da genişləndirib. Şirkət bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə müəyyən edilmiş qaz strategiyasına uyğun olaraq Avropa və Yaxın Şərq bazarlarında qaz marketinqi fəaliyyəti davamlı şəkildə genişləndirilir, müxtəlif ölkələrdən olan alıcılarla əməkdaşlıq portfeli artırılır və Azərbaycanın etibarlı enerji təchizatçısı kimi mövqeyi möhkəmləndirilir.

İtaliya xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini Edmondo Sirielli Trend-ə eksklüziv müsahibəsində bildirib ki, məhsuldar yüksək səviyyəli siyasi dialoq vasitəsilə ikitərəfli əməkdaşlığın dərinləşməsi fonunda İtaliya ilə Azərbaycan arasında tərəfdaşlığın daha da genişləndirilməsi, eləcə də strateji neft-qaz sektorundan kənarda iqtisadi əməkdaşlığın şaxələndirilməsi üçün əlverişli şərait mövcuddur.

O bildirib ki, İtaliya Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) yerli bazarda investisiya imkanlarının araşdırılmasına olan marağını alqışlayır.

"Cənub Qaz Dəhlizi həm İtaliya, həm də Avropa Birliyi üçün strateji əhəmiyyətli bir infrastrukturdur. Xüsusilə Rusiyanın Ukraynaya qarşı təcavüzündən sonra Azərbaycan qazının tədarükü Avropanın enerji təhlükəsizliyi üçün kritik hala gəldi. 2020-ci ildə istifadəyə verildiyi vaxtdan bəri Trans-Adriatik Boru Kəməri artıq 40 milyard kubmetrdən çox Azərbaycan qazını İtaliyaya nəql edib", - deyə o bildirib.

Sirielli qeyd edib ki, TAP-ın 2020-ci ildə istifadəyə verilməsindən bəri ikitərəfli ticarət münasibətləri xeyli artıb.

"Bu gün neft və qaz ticarəti ikitərəfli ticarətin böyük əksəriyyətini təşkil edir. İqtisadi tərəfdaşlığımızı daha da genişləndirmək üçün ticarət əlaqələrimizi şaxələndirməyə çalışırıq. Bu, həm də iqtisadi əlaqələrimizi həqiqətən gücləndirə biləcək əsas sahələrdə tərəfdaşlığımızın əhatə dairəsini genişləndirməyi hədəfləyən hökumətlərarası komissiyanın əsas məqsədlərindən biridir", - deyə nazir müavini bildirib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti