İtaliyada Siciliya muzeyindən Antonello da Messinaya aid dörd əsər oğurlanıb

Dünya xəbərləri Materials 16 Avqust 2026 16:29 (UTC +04:00)
İtaliyada Siciliya muzeyindən Antonello da Messinaya aid dörd əsər oğurlanıb

Bakı. Trend:

Siciliyada muzeydən İntibah dövrünün məşhur rəssamı Antonello da Messinaya aid "müstəsna dəyərə malik" dörd sənət əsəri oğurlanıb.

Bu barədə İtaliyanın Mədəniyyət Nazirliyi məlumat yayıb.

Şənbə axşamı rəssamın doğulduğu Messina şəhərində yerləşən muzeydə baş verən oğurluq zamanı XV əsrə aid Müqəddəs Qriqori poliptixinin beş panelindən üçü də aparılıb.

Hadisə İtaliya dövlətinin bir neçə ay əvvəl Nyu-Yorkda keçirilən hərracda Antonello da Messinaya məxsus "Ecce Homo" əsərini təxminən 15 milyon dollara (13 milyon avroya) satın almasından qısa müddət sonra baş verib.

Messina meri Federiko Bazile oğurluğu "dərin qınağa layiq" hadisə adlandırıb. O bildirib ki, cinayətin şəhərdə Müqəddəs Məryəmin şərəfinə keçirilən ənənəvi bayram tədbirləri zamanı törədilməsi hadisəni daha da ağrılı edir.

İtaliyada sənət əsərlərinin oğurlanması halları tez-tez baş verir.

Xatırladaq ki, daha iki gün əvvəl İtaliya polisi ölkənin şimalındakı Parma yaxınlığında yerləşən muzeydən mart ayında oğurlanmış, ümumi dəyəri 9 milyon avrodan çox olan Renuar, Sezann və Matissə aid üç tablonun tapıldığını açıqlamışdı. Hüquq-mühafizə orqanlarının məlumatına görə, oğurluq Moldova vətəndaşlarından ibarət olduğu ehtimal edilən cinayətkar qrup tərəfindən törədilmişdi.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti