Bakı. Trend:
İsrail Livanın cənubunda atəşkəs rejiminin şiə təşkilatı "Hizbullah" tərəfindən pozulduğunu hesab edir.
Bu barədə İsrailin Baş naziri Benyamin Netanyahunun ofisinin bəyanatında bildirilib.
Bundan əvvəl, avqustun 15-də İsrail ordusu Livanın cənubundakı Nəbatiyyə şəhəri və Ənsar qəsəbəsi yaxınlığında "Hizbullah"a məxsus infrastruktura zərbələr endirdiyini açıqlamışdı. Ordunun mətbuat xidmətinin bəyanatında qeyd olunmuşdu ki, zərbələr Livanın cənubunda Əli ət-Tahir dağ silsiləsi ərazisində "Hizbullah" silahlılarının İsrail hərbçilərinə qarşı həyata keçirdiyi hücuma cavab olaraq endirilib.
"Bu gün səhər "Hizbullah" Livanda atəşkəs rejimini pozaraq sərhədin o tayında yerləşən İsrail yaşayış məntəqələrini qoruyan təhlükəsizlik zonasında hərbçilərimizə hücum edib. Hücum nəticəsində üç hərbçimiz ağır yaralanıb. İsrail Müdafiə Ordusu cavab olaraq hücum əmrinin verildiyi "Hizbullah"ın terror qərargahına zərbə endirib", – deyə Netanyahunun ofisinin bəyanatında bildirilib.
İsrail tərəfinin sözlərinə görə, "yalnız sonradan İsrail Müdafiə Qüvvələri "Hizbullah"ın bu hərbi kompleksə qəsdən mülki şəxsləri yerləşdirdiyini öyrənib".