Kanadada kinoteatr əməkdaşının "Hörümçək-adam: Tamamilə yeni gün" filmi üçün hazırladığı afişa sosial şəbəkələrdə viral olub

Dünya xəbərləri Xəbər 16 Avqust 2026 19:37 (UTC +04:00)
Kanadada kinoteatr əməkdaşının "Hörümçək-adam: Tamamilə yeni gün" filmi üçün hazırladığı afişa sosial şəbəkələrdə viral olub
Vüsal Cəfərov
Vüsal Cəfərov
Bütün xəbərlər

Bakı. Trend:

Sony və Marvel "Hörümçək-adam: Tamamilə yeni gün" filmi üçün ümumilikdə 13 fərqli afişa təqdim edib. Vintaj, futuristik və illüstrasiyalı variantlardan tutmuş Dolby Atmos, 3D və 4DX formatları üçün hazırlanmış posterlərə qədər müxtəlif seçimlər olsa da, Kanadanın qərbində yerləşən Prins Corc şəhərindəki "Famous Players" kinoteatrı onların heç birini vaxtında əldə edə bilməyib.

"Hollywood Reporter"in məlumatına görə, kinoteatr iyulun 31-də rəsmi posteri almadığı üçün vəziyyətdən çıxış yolunu öz imkanları hesabına tapmalı olub.

Nəticədə filmin peşəkar posterləri kinoteatr əməkdaşlarından biri olan Dreyk Landonun əl işi ilə əvəzlənib. O, sosial şəbəkələrdə 2010-cu illərdə populyarlaşmış "Spooder-Man" memindən ilham alaraq Hörümçək Adamı markerlə karton üzərində əllə çəkib. Filmin adı da orijinala bənzər şriftlə yazılıb.

Sadə və yumoristik dizayn gözlənilmədən populyarlıq qazanıb. Tamaşaçılar kinoteatrın girişində asılmış posteri sosial şəbəkələrdə paylaşaraq onu rəsmi reklam kampaniyasından daha xarizmatik adlandırıblar.

Posterin müəllifi Dreyk Landon bu reaksiyanı qətiyyən gözləmədiyini bildirib.

"Hələ də bunun miqyasını tam dərk etmirəm. Bu qədər sadə bir işimin belə böyük təsir göstərməsi inanılmazdır", – deyə o bildirib.

Dreyk Landonun hazırladığı poster filmin ətrafında yaranmış media marağını daha da artırıb.

Tom Hollandın baş rolunu oynadığı və Destin Daniel Krettonun rejissoru olduğu "Hörümçək-adam: Tamamilə yeni gün" iyulun 29-da nümayişə çıxandan bəri dünya üzrə 1,722 milyard dollardan çox gəlir əldə edib və bu göstərici artmaqda davam edir.

Bu templə davam edəcəyi təqdirdə film dünya kassa tarixinin ən uğurlu filmlərindən birinə çevrilə bilər. Bununla belə, "Qisasçılar: Final" və "Avatar" filmlərinin rekordlarını geridə qoyması üçün hələ də müəyyən məsafə qət etməlidir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti